YENİ AZƏRBAYCAN PARTİYASI SƏBAİL RAYON TƏŞKİLATININ VII KONFRANSI KEÇİRİLMİŞDİR
Konfrans iştirakçıları əvvəlcə partiyanın banisi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Səbail rayon təşkilatının sədri Zahid Qaralovun hesabat məruzəsi dinlənildi. O dedi ki, YAP Səbail rayon təşkilatı hesabat dövründə üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, fəaliyyətini partiyanın üçüncü qurultayının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində qurmuşdur. Təşkilat respublikanın ictimai-siyasi həyatı ilə bağlı bütün tədbirlərdə yaxından iştirak etmişdir. 2005-ci ildə Milli Məclisə seçkilər dövründə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi kütləvi tədbirlərdə və səsvermə zamanı təşkilatın üzvləri yüksək fəallıq nümayiş etdirmişlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, YAP Səbail rayon təşkilatı sədrinin müavini Afət Xanbabayeva, YAP AZƏRTAC ilk təşkilatının sədri, agentliyin baş direktoru Aslan Aslanov, Səbail rayon İcra hakimiyyətinin başçısı Sahib Ələkbərov və başqaları rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Çıxışlarda əminliklə vurğulandı ki, Azərbaycan xalqı növbəti prezident seçkilərində yenidən Prezident İlham Əliyevə etimad göstərəcəkdir. Yeni Azərbaycan Partiyasının, təşkilatın yerli strukturlarının mühüm vəzifələrindən biri qarşıdakı seçki kampaniyasına hazırlıqdır.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı-katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi ki, YAP Səbail rayon təşkilatı öz fəaliyyəti ilə nümunə olmuş, ümummilli lider Heydər Əliyevin ideyalarının gerçəkləşməsində səylərini əsirgəməmişdir. O, rayon təşkilatının 2008-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyasında da mütəşəkkilliyi ilə fərqlənəcəyinə əminliyini söylədi. O, partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin bu yaxınlarda Xaçmaz şəhərində YAP fəalları ilə görüşdə qarşıya qoyduğu vəzifələrin hər bir partiya təşkilatı tərəfindən yerinə yetirilməsinin zəruriliyini xüsusi vurğuladı.
Konfrans təşkilatın ötən dövrdəki fəaliyyətini qənaətbəxş hesab etdi. Sonra təşkilati məsələlərə baxıldı. Zahid Qaralov yekdilliklə yenidən rayon təşkilatının sədri seçildi. Rayon təşkilatı şurasının və nəzarət təftiş komissiyasının yeni tərkibləri də seçildi.
YAP Səbail rayon təşkilatı şurası idarə heyətinin üzvlərini və sədrin müavinlərini seçdi.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edildi.