YENİ AZƏRBAYCAN PARTİYASININ 14-CÜ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov konfransı giriş sözü ilə açaraq dedi ki, məqsəd Yeni Azərbaycan Partiyasının tarixi fəaliyyətinə, əldə olunan nailiyyətlərə nəzər salmaqdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası cəmiyyətdə nüfuzunu sürətlə artırır, beynəlxalq əlaqələrini genişləndirir, qarşısında duran vəzifələri əzmlə həyata keçirir. Ulu öndər Heydər Əliyevin ideyalarının sistemli şəkildə reallaşmasına YAP öz tövfəsini vermiş və Prezident İlham Əliyevin siyasi kursuna sədaqətini göstərməkdədir.
Azərbaycanın 1993-cü ilə qədərki ağır və təlatümlü vəziyyətini ölkəmizin indiki inkişafı mənzərəsi ilə müqayisə etməklə Yeni Azərbaycan Partiyasının müstəqillik tariximizdəki rolunu diqqətə çatdıran natiq dedi ki, Azərbaycanda heç bir siyasi partiya Yeni Azərbaycan Partiyası ilə rəqabət apara bilməz. Çünki Yeni Azərbaycan Partiyası dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən yaradılmışdır və praqmatik siyasətçi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı işıqlı gələcəyə doğru inamla aparır. Artıq partiya öz sıralarında 400 min nəfər üzvü birləşdirir. Bu monalit qüvvə bütün keyfiyyət göstəriciləri ilə nümunədir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclisin deputatı Murtuz Ələsgərov dedi ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası təsis ediləndən az sonra geniş xalq kütlələrini öz ətrafında sıx birləşdirmiş və ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişdir. Partiya bütün fəaliyyəti dövründə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə xidmət etmişdir. Partiya fəalları Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb həyata keçirilən irimiqyaslı layihələrin gerçəkləşməsində yaxından iştirak etmişlər.
Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edən partiyaların rəhbərləri, eləcə də digər natiqlər ildönümü münasibətilə partiya üzvlərini təbrik edib, gələcək işlərində uğurlar arzuladılar. Əminliklə bildirildi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da üzərinə düşən missiyanı şərəflə həyata keçirəcək, Azərbaycanı firavanlığa aparan yolda bundan sonra da öndə dayanacaqdır.
Çıxışlarda dəfələrlə vurğulandı ki, 2008-ci ildə keçiriləcək prezident seçkilərində xalqımız növbəti dəfə dövlətimizin başçısı İlham Əliyevə etimad göstərəcəkdir.