Yeni kapital tələbi ilə bağlı banklara verilən müddət uzadılmışdır
Bakı, 16 noyabr (AZƏRTAC). Bank sektorunun maliyyə sabitliyi və dayanıqlığı potensialının gücləndirilməsi, habelə bankların maliyyə vasitəçiliyi və real sektoru, xüsusilə qeyri-neft sektorunu dəstəkləmək imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 25 iyul tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum məbləğinə tələb 50 milyon manatadək artırılmışdır.
Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, yeni kapital tələbinə uyğunlaşmaq üçün banklara 2014-cü il yanvarın 1-dək vaxt verilmişdir. Ötən dövr ərzində bankların kapital mövqeyi və planları intensiv nəzarət tədbirləri ilə əhatə olunmuşdur.
Qlobal maliyyə böhranından sonra beynəlxalq maliyyə qurumları da bank və maliyyə institutlarının maliyyə sabitliyi və dayanıqlığının gücləndirilməsi məqsədi ilə kapital tələbinin əhəmiyyətli dərəcədə artırılmasını tövsiyə etmişlər. Kapital, bankların maliyyə dayanıqlığının mühüm göstəricisi olmaqla yanaşı, onların maliyyə vasitəçiliyi potensialının formalaşdırılmasında da mühüm rol oynayır.
Mərkəzi Bank, bankların kapitallaşması ilə bağlı hədəfinə strateji cəhətdən nail olmuş, bankların kapitalının keyfiyyəti və həcmi əhəmiyyətli sürətlə artırılmışdır. Ötən 15 ay ərzində bankların məcmu kapitalı 48 faiz və ya 1 milyard manat artaraq 3,2 milyard manata çatmışdır. Halbuki bundan əvvəl bank sektoru kapitalının 1 milyard manat artımı üçün 4 ildən çox vaxt lazım gəlmişdir.
Qiymətləndirmələr göstərir ki, 2013-cü ilin sonunadək bank sektorunun aktivlərinin 95 faizinə və əhalinin əmanətlərinin 96 faizinə malik bankların kapitalının həcmi 50 milyon manatı ötəcəkdir. Kapitallaşma ilə bağlı qərarın qəbul edilməsindən sonra kapitalı 100 milyon manatdan çox olan özəl bankların sayı iki dəfə artaraq 8-ə çatmışdır. Bank sisteminin kapital adekvatlığı da 3 faiz bəndi artaraq 17,3 faizə yüksəlmişdir. Bu göstərici beynəlxalq standartların tələbini iki dəfə, AMB-nin minimum normativ tələbini isə 5 faiz bəndi üstələyir.
Bankların yeni kapital tələbinə uğurlu adaptasiyası sektorun investisiya cəlbediciliyini, sektora olan etimadı, maliyyə sabitliyi və dayanıqlıq potensialını bir daha təsdiqləmişlər. Yeni kapitallaşma səviyyəsi bankların iqtisadiyyatı, o cümlədən real sektoru və əhalini kreditləşdirmək və maliyyə xidmətləri ilə təmin etmək imkanlarını xeyli genişləndirmişdir. Eyni zamanda, bu, bank sektorunda rəqabəti artırmaqla və masştab effektindən istifadə etməklə bank xidmət və məhsullarının dəyərinin azaldılmasında da mühüm rol oynayacaqdır.
Kapitallaşma potensialının mövcud olmasına baxmayaraq bank sektorunun aktivlərində cəmi 5 faiz paya malik banklar tərəfindən kapital tələbinin icrası üçün əlavə vaxt tələb olunur.
Qeyd olunanları nəzərə alaraq, eləcə də bank kreditor və əmanətçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, bütövlükdə bank sektorunun maliyyə sabitliyinin qorunması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 2013-cü il 14 noyabr tarixli qərarı ilə banklara məcmu kapitalın 50 milyon manata çatdırılması üçün 2015-ci il yanvarın 1-dək möhlət verilmişdir.
Kapitalını 50 milyon manata çatdırmamış banklara bu ilin sonunadək əlavə möhlət dövrü üçün kapitalizasiya planlarını bir daha dəqiqləşdirərək Mərkəzi Banka təqdim etmələri tapşırılmışdır.