YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Yevlax rayonunun Bəydili kəndində 120 şagird yeri olan məktəb binası istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən məktəbin direktoru Sevil Hacıyeva müasir tələblər səviyyəsində inşa edilmiş təhsil ocağının ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində istifadəyə verilməsini əlamətdar hadisə adlandırmış, təhsil sistemində aparılan uğurlu islahatlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Əli Hüseynov və İlham Məmmədov rayonda aparılan tikinti-quruculuq işlərindən razı qaldıqlarını bildirmiş, bütün bunların ölkəmizin başçısının Yevlaxa və yevlaxlılara diqqət və qayğısının nəticəsi olduğunu söyləmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev çıxış edərək Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə qazanılan nailiyyətlərdən danışmışdır.
Yeni məktəb binasını inşa etmiş “Mingəçevir-Qızılqum” kiçik müəssisəsinin tikintidə əməyi olan işçilərinə Yevlax Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr verilmişdir.
######
