SİYASƏT
Yeni təsis olunmuş Britaniya Azərbaycan Hüquqşünaslar Assosiasiyasına böyük ümidlər bəslənilir
![](/files/galleryphoto/2013/3/1200x630/14079268316052310978_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268312534525504_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268321167811008_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268322710056348_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926832282084404_1200x630.jpg)
London, 14 noyabr (AZƏRTAC). İngiltərə və Uels Hüquq Cəmiyyətinin təşkilatçılığı, ölkəmizin Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının dəstəyi ilə Londonda Britaniya Azərbaycan Hüquqşünaslar Assosiasiyasının (BAHA) təsis edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tarixə nəzər salaraq, hüquq sahəsinin bütün dövlətlər üçün əhəmiyyətini vurğulamış və bununla bağlı təcrübə mübadiləsinin aktuallaşdığını diqqətə çatdırmışdır.
Ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələrindən bəhs edən F.Qurbanov bütün sahələrdə münasibətlərimizin yüksələn xətt üzrə inkişafından məmnunluğunu bildirmişdir. Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əlaqələrə toxunan səfir respublikamızın uğurlarından, Britaniya şirkətlərinin ölkəmizdəki fəaliyyətindən, dünya əhəmiyyətli layihələrdə birgə iştirakdan bəhs etmişdir.
F.Qurbanov vurğulamışdır ki, iqtisadi sahədə genişlənməkdə olan əməkdaşlıq hər iki ölkənin hüquqşünasları arasında da sıx münasibətlər yaranmasını gündəmə gətirir. Məhz bu səbəbdən BAHA-nın Britaniya və Azərbaycan hüquq firmaları arasında güclü əməkdaşlıq əlaqələrini təşviq edəcəyinə, ikitərəfli iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid bəslədiyini ifadə etmişdir.
BAHA-nın sədri Adrian Huqhes assosiasiyanın fəaliyyətinin vacibliyini vurğulayaraq demişdir ki, bu, hər iki ölkə arasında peşəkar hüquqşünasların təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. A.Huqhes, həmçinin qurumun ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında da özünəməxsus rol oynayacağına əminliyini dilə gətirmişdir.
BAHA-nın sədr müavini Rəvan Məhərrəmov təmsil etdiyi təşkilatın fəaliyyəti və gələcək planları haqqında məlumat vermiş, bu işdə dəstəyini əsirgəməyən təşkilatlara minnətdarlığını bildirmişdir.
Tədbirin rəsmi hissəsindən sonra ziyafət təşkil edilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London