YENİ XƏSTƏXANA KOMPLEKSİ BÖLGƏDƏ ƏN BÖYÜK MÜALİCƏ OCAĞI OLACAQDIR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Prezident İlham Əliyev yeni tikilən Balakən rayon mərkəzi xəstəxanasında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Xəstəxananın təməli 2006-cı il aprelin 12-də dövlətimizin başçısının iştirakı ilə qoyulmuşdur. Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən və smeta dəyəri 20,9 milyon manat olan 235 çarpayılıq xəstəxana kompleksində 9 şöbə, o cümlədən cərrahiyyə, terapiya, nevrologiya, reanimasiya, doğum və uşaq xəstəlikləri şöbələri olacaqdır. Burada ən yüksək standartlara cavab verən müasir tibb aparatları və avadanlıq quraşdırılacaqdır. Podratçı “Rabitəinşaat” MMC-nin kollektivi indiyədək burada 15 milyon manatlıqdan çox iş görmüşdür. Kompleksin 2009-cu ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev tikinti işlərinin gedişi ilə maraqlandı və tikintinin müasir standartlara uyğun, yüksək səviyyədə və keyfiyyətlə başa çatdırılması barədə tapşırıqlarını verdi.
######
