Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası olub
Naxçıvan, 1 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasda komissiyanın və ekspert qrupunun üzvləri, rayon (şəhər) İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədrləri və məsul katibləri iştirak edib.
Əvvəlcə komissiyanın sədri Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Sonra Ramilə Seyidova Naxçıvan Muxtar Respublikasında 2019-cu il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair hesabatla çıxış edərək bildirib ki, hesabat dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlbi, sosial müdafiələrinin təmini, xüsusi istedadlarının üzə çıxarılması, asudə vaxtlarının təşkili, sağlamlıqlarının qorunması ilə əlaqədar ardıcıl tədbirlər görülüb, monitorinqlər təşkil edilib, müvafiq uşaqlar haqqında məlumat bazası yaradılıb. Belə ki, hesabat ili ərzində 9 uşaq qəyyumluq və himayəyə verilib, həmin uşaqların evlərində monitorinqlər təşkil olunub, yaşayış şəraitləri öyrənilib, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilib. Bundan əlavə, bayram günlərində və tədbirlərdə xüsusi qayğıya ehtiyacı ilan 1006 uşağa hədiyyə və sovqatlar verilib. 15 Sentyabr - Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 379 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunub.
Qeyd olunub ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılıb, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb ediliblər. Belə ki, 2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 83, distant tədrisin birinci sinfinə 6, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 2, məktəbdənkənar müəssisələrin dərnəklərinə 126, şahmat məktəblərinə 59, idman məktəblərinə 168, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 111, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarına və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə sağlamlıq imkanları məhdud 193 uşaq cəlb edilib. Həmçinin hesabat ili ərzində Naxçıvan Uşaq Bərpa Mərkəzində 435 uşaq müalicə alıb, 73 uşağa protez-ortopediya xidmətləri göstərilib, 58 uşağa texniki reabilitasiya vasitələri verilib.
Bildirilib ki, 2019-cu ildə muxtar respublikanın aid dövlət orqanları tərəfindən keçirilən müsabiqə və yarışlarda 20 min 85 uşaq iştirak edib, qaliblərə və iştirakçılara diplom və hədiyyələr verilib. Həmçinin bayram tədbirlərində və 1 İyun - Uşaqları Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında keçirilən tədbirlərdə 1681 uşağa hədiyyə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 20 uşaq müəssisəsində dövri monitorinq keçirilib, monitorinqin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılıb, nöqsanların aradan qaldırılması ilə tədbirlər görülüb.
“2019-cu ildə Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının proqram təminatı yenilənib, uşaqlar haqqında fərdi məlumatlar daxil olunub, bankda qeydə alınan uşaqların sayı 24 min 489 nəfərə çatıb”, - deyən komissiya sədri diqqətə çatdırıb ki, uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılıb, 2019-cu ildə ixtisaslı həkim briqadaları tərəfindən pediatr olmayan və yaxud sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 1795 uşaq müayinə olunub, ehtiyacı olanlara tibbi yardım göstərilib. Bununla yanaşı, uşaqların icbari dispanserizasiyası zamanı uşaqlar müayinə olunub, 1163 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyatına alınıb. Hesabat ili ərzində doğulan 4918 uşağa 12 saat ərzində Hepatit B, 7 gün müddətində BSJ peyvəndləri vurulub, poliomielit peyvəndi damcı şəklində verilib. İki aylığından sonra uşaqlara pentavaksin (Hib) peyvəndi və digər peyvəndlər vurulub. Bütün bunların nəticəsidir ki, idarəolunan yoluxucu xəstəliklərin bir çoxu artıq ləğv olunub və ya ötən il ərzində rast gəlinməyib. Elektron sağlamlıq kartlarına keçid işi də yaxşılaşdırılıb və 3729 elektron kart alınıb valideynlərə paylanıb.
Vurğulanıb ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı və yaradılan müasir təhsil şəraiti uğurlu nəticələrin əldə olunmasına yol açıb. Belə ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1720-si ali təhsil müəssisələrinə, 366-sı ümumi, 244-ü tam orta təhsil bazası olmaqla, 580-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Ali məktəblərə qəbul olunan 281 nəfəri 500-700 arası bal toplayıb ki, bunlardan da 172 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 180 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olub. 2018-2019-cu tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45 nəfər isə fərqlənmə attestatına layiq görülüb. Medallara və fərqlənmə attestatına layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğruldub, qəbul imtahanlarında 35 nəfər 500-600, 39 nəfər isə 600-700 arası bal toplayıb, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə 2019-cu ildə muxtar respublikada xüsusi istedadı olan 3 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Ramilə Seyidova deyib: “Muxtar respublikada uşaq-gənclər idmanının təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılıb. Belə ki, uşaqlar arasında birincilik, turnir, yoldaşlıq görüşü, çempionat, idman yarışı, festival, olimpiada keçirilib. Keçirilən idman oyunlarında 7200-dən artıq uşaq, intellektual olimpiyada və intellektual oyunlarda isə 1042 uşaq iştirak edib. Bu gün muxtar respublikada 26 mindən artıq uşaq idmanla məşğul olur ki, bunlardan da 8 min nəfərə yaxını qızlardır”.
Bildirilib ki, 2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 935 şagird qəbul olunub. Muxtar respublikanın mədəni kütləvi tədbirlərində uşaq və gənclərdən ibarət yaradıcılıq qrupları musiqi nömrələri ilə çıxış edib, uşaqların ifasında 31 konsert proqramı təşkil olunub, Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda və tam orta məktəblərin ibtidai siniflərində 285 “Nağıl günü” keçirilib. Bundan əlavə, bütün kateqoriyadan olan uşaqlara 167 tamaşa, 17 bədii film göstərilib, həmin uşaqların tətil günlərində muzeylərə ekskursiyaları təşkil edilib. Yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 998 reyd yoxlaması keçirilib, müxtəlif mövzularda 556 görüş təşkil olunub.
Sonra məruzə ətrafında Ordubad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Fərqanə Hüseynli, Şahbuz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Tural Quliyev, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri Səyyub Kərimov və Süleyman Cəfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova çıxış ediblər.
Sonda komissiyanın 2020-ci il üçün İş Planı müzakirə olunub. Komissiyanın sədri tərəfindən monitorinqlər keçiriləcək uşaq müəssisələri və monitorinqin keçirilməsi üzrə yaradılan ekspert qrupunun tərkibi ilə bağlı iclas iştirakçılarına məlumat verilib və iclasın qərarı təsdiqlənib.