CƏMİYYƏT
Yevlax rayonundakı orta məktəblərdə “Biz həyatı sevirik” adlı maarifləndirmə tədbiri keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə Yevlax rayonundakı 1, 2, 3, 5, 7 və 9 nömrəli tam orta məktəblərdə “Biz həyatı sevirik” adlı maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, orta məktəblərin X-XI sinif şagirdlərinin və müəllim kollektivlərinin iştirak etdiyi tədbir sağlam həyat tərzini təbliğ etməsi, İnsanın immunçatışmazlığı virusunun törətdiyi fəsadları, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, xəstəliyin yoluxma yolları barədə məlumat vermək məqsədilə təşkil olunub.
Maarifləndirici tədbirdə RQMM-in həkimləri gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın əsas yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu və nəticədə ölüm riskinin artdığını diqqətə çatdırıblar.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, eyni zamanda İİV-infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası haqqında ətraflı məlumat verilib.