REGİONLAR
Yevlaxda “Könüllülər yurdu - Azərbaycan” mövzusunda maarifləndirici tədbir keçirilib




Yevlax, 5 fevral, AZƏRTAC
Yevlax şəhərində “Könüllülər yurdu - Azərbaycan” mövzusunda maarifləndirici tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin, Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənc könüllülər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə gənc könüllülərlə bağlı videoçarx nümayiş olunub. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Bünyamin Musayev çıxış edərək, dövlətimiz tərəfindən gənclərə daim diqqət və qayğı göstərildiyini və bunun bariz nümunəsi olaraq 2020-ci ilin “Könüllülər ili” elan edildiyi bildirib.
DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra respublikamızda gənclər siyasətinin əsasının qoyulduğunu və bu istiqamətdə bir sıra vacib qərarların qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə ilk könüllülük hərəkatı da məhz həmin zamanlarda formalaşıb. Bu gün könüllülük ölkəmizdə bir məktəb, ümummilli hərəkata çevrilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini işlərin təşkilatçısı Hümbət Əhmədov Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlərinə hər zaman bağlı olduğunu qeyd edərək, bu dəyərlərimizin qorunub saxlanılmasında gənclərin rolundan danışıb. Bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür. Onlar bu işdə fəallıq nümayiş etdirməlidirlər.
DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli xalqımızın əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmannasız kömək ənənələrini yaşatdığını bildirib. Son illərdə ölkəmizdə könüllülük fəaliyyətinin daha da inkişaf etdiyini, mərkəzi və yerli icra hakimiyyətləri orqanlarında on minlərlə gənci birləşdirən könüllü quruplarının formalaşdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli dövlət gənclər siyasətindən və bu siyasətin tərkib hissəsi olan gənc könüllülərin fəaliyyətindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına uyğun olaraq, ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılıb. Nümayəndəliklərdə təşkil olunan layihələr, tədbirlər və müxtəlif istiqamətli fəaliyyətlər gənclərin fərdi və sosial inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
Sonda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.