YUĞ Teatrında “Birinci akt” tamaşasına daxili baxış
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Dövlət YUĞ Teatrının A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanan “Birinci akt” tamaşasına daxili baxış keçirilib.
Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.
Bildirilib ki, tamaşanı Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin ifa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova və Teatrın Bədii Şurasının üzvləri izləyiblər. Tamaşadan sonra Bədii Şura üzvlərinin və kollektivin iştirakı ilə geniş müzakirə keçirilib və tamaşanın repertuara daxil edilməsi ilə bağlı qərar qəbul olunub.
Səhnə əsərinin premyerası martın 12-də reallaşacaq.
“Birinci akt” YUĞ Teatrının banisi, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun quruluş verdiyi sonuncu tamaşalardandır. Teatrın kollektivi 2009-cu ildə hazırlanan tamaşanı rejissorun xatirəsinə ehtiram əlaməti olaraq bərpa edib.
Janrı futuroloji aksiya kimi təyin edilən səhnə əsərinin quruluşçu rejissoru Vaqif İbrahimoğludur. Səhnə əsərində Təranə Ocaqverdiyeva, Nigar Mürsəl, Ləman Mərrih, Amid Qasımov, Elgün Həmidov, Əbdülqəni Əliyev, Elşən Əsgərov və digər aktyorlar iştirak edir.