Yüksək bal toplayan abituriyentlər BDU-nun Qazax filialını seçiblər
Bakı, 16 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Qazax filialından AZƏRTAC-a bildirilib ki, tədbirdə direktor Arif Rüstəmov dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. O, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil konsepsiyasının məqsədinin milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksəkixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət olduğunu qeyd edib.
Qəbul imtahanlarında 550 bal toplayaraq riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olmuş Gülçin Abadovanın babası Teymur Abadov çıxışında keçirdiyi sevinc hisslərindən söz açıb.
Filialın direktoru Arif Rüstəmov bu il qəbul olmuş tələbələr arasında ən yüksək - 600-dən artıq bal toplayıb riyaziyyat müəllimliyi ixtisasının I kursuna qəbul olmuş Röyal Piriyevə hədiyyə təqdim edib. Sonra R.Piriyev çıxış edərək BDU-nun Qazax filialını seçməklə düzgün addım atdığını, orta məktəbdə olduğu kimi ali təhsil ocağında da yüksək nailiyyətlər əldə edəcəyini söyləyib.