“Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları Gəncədə
Gəncə, 31 yanvar, Rauf Hacıyev, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobuslarının bölgələrə səfəri davam edir. Müraciətlərin çoxluğu nəzərə alınaraq səfərin müddəti yanvarın 31-nə qədər uzadılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanları məhdud olan şəxslər üçün qeydiyyatdan keçməyə şərait yaratmaqdır.
Yanvarın 21-də Bakıdan yola düşən avtobuslar ölkənin bir çox rayonlarında, o cümlədən Gəncədə olub.
Ümumilikdə, müsabiqəyə indiyə kimi artıq 10 mindən çox şəxs qeydiyyat üçün müraicət edib, 8000-dən çox namizədin sorğusu təsdiqlənib.
Regionlarda səyyar qeydiyyat prosesinə Gənclər və İdman Nazirliyinin yerli idarələri, Gənclər Fondu, Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən “Karyera İnkişaf mərkəzləri”, Gənclər mərkəzləri və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən dəstək verilir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Müsabiqənin qeydiyyat mərhələsi fevralın 2-də yekunlaşacaq.