Yunanıstanda Novruz bayramı ilə bağlı tədbirlər keçirilir
Saloniki, 18 mart, AZƏRTAC
Yunanıstanda fəaliyyət göstərən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Novruz bayramı ərəfəsində milli-mədəni tədbirlərə start verib.
AZƏRTAC xəbər verir ki, Saloniki şəhərində cəmiyyətin qərargahında əcnəbilər üçün Novruz bayramının tarixi, ənənələri barədə təqdimat keçirilib, qonaqlara Novruz şirniyyatı təqdim olunub.
Tədbirdə yunan, türk, ingilis, rumın və başqa millətlərdən olan gənclər iştirak ediblər. Novruz bayramının təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Gənclər yumurta döyüşmək, papaq atmaq və s. kimi adətlərimizi sınaqdan keçirib, milli geyimlərimizdə şəkillər çəkdiriblər və milli rəqslərimizi ifa ediblər.
AMNA xəbər agentliyinin və Proktorio 104.9 fm radiosunun jurnalisti xanım Sofia Prokopidou tədbirdən kiçik reportaj hazırlayıb. Qarşıdakı günlərdə Novruz bayramının daha geniş auditoriyaya təqdim edilməsi üçün böyük tədbirin keçirilməsi nəzərdə tutulur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki