YUNANISTANIN XARİCİ İŞLƏR NAZİRLİYİ AZƏRBAYCAN ÜÇÜN 50 MİN ABŞ DOLLARI MƏBLƏĞİNDƏ YARDIM AYIRMIŞDIR
İyulun 15-də Azərbaycan Respublikası baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yunanıstanın Azərbaycandakı səfiri Merkurios Karafotias ilə görüşmüşdür. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin aprelində baş nazirin müavini Əli Həsənovla Yunanıstan Respublikasının xarici işlər nazirinin müavini Andreas Loverdos arasında keçirilmiş görüş zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza beynəlxalq humanitar yardımın davam etdirilməsinin vacibliyinə toxunduğunu xatırladan səfir Merkurios Karafotias qeyd etdi ki, həmin görüşdə Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində rayon mərkəzi xəstəxanası üçün yeni binanın tikilməsi və oranın müasir avadanlıqlarla təchiz edilməsi barədə təklif də irəli şürülmüşdür. Daha sonra səfir Karafotias nəzərdə tutulan həmin layihənin həyata keçirilməsinə yardım məqsədilə Yunanıstanın Xarici İşlər Nazirliyi tərəfindən 50 min ABŞ dolları həcmində vəsaitin ayrıldığı barədə Əli Həsənova məlumat verdi. Baş nazirin müavini Əli Həsənov bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin ölkəmizin rəhbəri, Prezident Heydər Əliyevin diqqət mərkəzində olduğunu vurğulayaraq, Xocavənd rayonunun məcburi köçkünləri üçün tibbi proqramın həyata keçirilməsinə göstərdiyi yardıma görə Yunanıstan hökumətinə öz təşəkkürünü bildirdi və ayrılan vəsaitin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Beynəlxalq bankdakı hesabına köçürülməsi və təyinatı üzrə istifadəsi barədə müvafiq icra strukturlarına tapşırıq verdi.