Yunis Hüseynov: İnanıram ki, “Laçi” komandası ilə oyunda yaxşı nəticə qazanacağıq
Bakı, 26 avqust, AZƏRTAC
Sabah bizi çətin oyun gözləyir. Matça ciddi hazırlaşmışıq. Çempionatda qazandığımız qələbə bizim əhval-ruhiyyəmizə müsbət təsir edib. İnanıram ki, sabah da yaxşı nəticə qazanacağıq. Bu inamı bizə futbolçular verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Keşlə” komandasının baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları Albaniyanın “Laçi” komandası ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Rəqibi təhlil etdiklərini qeyd edən Y.Hüseynov bildirib ki, “Laçi” güclü komandadır. Avrokubok matçları fərqli olur. Rəqibin hücum xətti güclüdür. Hücumçuları 26 qolla ötən mövsüm Albaniya çempionatında bombardir olub. Amma zəif cəhətləri də var.
Mütəxəssis əlavə edib ki, “Keşlə”in heyətində Şaxrux Qadoyev zədələndiyi üçün sabahkı görüşdə meydana çıxa bilməyəcək. Onun əvəzində futbolçularımızdan Cavid İmamverdiyev və Con Kamara heyətdə yer alıbar.
Baş məşqçi vurğulayıb ki, vaxtilə “Karvan” komandasının baş məşqçisi kimi Avropa Liqasında mərhələ keçən ilk məşqçi olub.
Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da oynanılacaq “Keşlə” - “Laçi” görüşü saat 21:00-da start götürəcək.