YÜZƏ YAXIN AZƏRBAYCAN MİLLİ STANDARTI BEYNƏLXALQ STATUS ALACAQ
Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Beynəlxalq Standartlaşdırma Təşkilatına (BST) üzv qəbul edilməsi nəticəsində Azərbaycanın yüzə yaxın milli standartı beynəlxalq status alacaqdır. Agentliyin sədri Xalidə Məsimova AZƏRTAC-ın müxbirinə demişdir ki, rəhbərlik etdiyi qurumun bazasında olan standartlar fondu genişləndirilib və hazırda milli standartların dünya standartlarına uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. BST-yə üzv olmaqla agentliyin fondundakı milli standartlar beynəlxalq səviyyədə tanınmaqla yerli məhsulların dünyanın 120-dən artıq qabaqcıl ölkəsində sərbəst və maneəsiz satılmasına şərait yaranacaqdır.
Agentliyimizin fondunda 3 minə yaxın beynəlxalq standart, 12 mindən çox Türkiyə standartı, 20 minə yaxın dövlətlərarası standart, Avropa Birliyinin 600-ə yaxın direktivi və normaları, yeyinti məhsullarına aid 40-dan çox Avropa standartı, 100-ə yaxın Azərbaycanın dövlət standartı vardır. Agentliyin nəzdindəki “Azəryeyintisənaye” Elmi Tədqiqat İnstitutu yeni milli standartların yaradılması işini davam etdirir.