ZABRAT QƏSƏBƏSİNİN SAKİNİ LƏTİF ƏZİMOVUN ÇIXIŞI
Hörmətli Mehriban xanım!
Zabrat qəsəbəsinə xoş gəlmisiniz, qədəmləriniz uğurlu olsun. Bu məktəbin 5 ay ərzində tikilib istifadəyə verilməsi, demək olar ki, möcüzədir. Bu gün Sağlamlıq mərkəzi də istifadəyə veriləcəkdir.
Mən hörmətli Prezidentimizlə dördüncü dəfədir görüşürəm. Allah cansağlığı versin, yenə də görüşək. Birinci dəfə hələ Baş nazir olanda, Mir Mövsüm Ağanın qəbrini ziyarət edərkən görüşmüşəm. O, hansı sözü deyib, vədi veribsə, artıqlaması ilə yerinə yetiribdir. Ataların bir sözü var: “Ot kökü üstə bitər”. Elə atanın belə balası olmalıdır.
Mən Mehriban xanımın adını çəkdim. Atalar deyib ki, “Gəlin ocağa çəkər”. Allah ona cansağlığı versin, hamısı onların zəhmətidir. Bu dövlətin çörəyini itirən adam nakam olar, çörək tapmaz. Allah Heydər Əliyevə rəhmət etsin, həmişə xeyir işlərdə yada düşsün. O vaxt Moskvadan Bakıya qonaqlar gələndə, görüşdə mən də iştirak etmişəm. Heydər Əliyev danışanda çox sevindim və beş il ərzində Azərbaycanda neçə mikrorayon salındı, zavodlar tikildi. İndi də İlham Əliyev onun yolunu davam etdirir. Bu həqiqətdir, reallıqdır.
Mən Prezident İlham Əliyevlə keçən ilin noyabrında Bakı Şəhəri İcra Hakimiyyətində keçirilən müşavirədə də görüşmüşəm. Onun çox məzmunlu çıxışları oldu. O dedi ki, Abşeronun qəsəbələri üçün 2005-ci ildə nə qədər büdcə ayrılıbsa, bu il həmin rəqəm üç dəfə artırılmışdır. Onun sayəsində Zabratda gözəl poçt binası, səadət sarayı tikildi. Hazırda ticarət mərkəzi inşa olunur. Hər yer abadlaşdırılıb, kanalizasiya xətləri çəkilir. Sizin xeyirxahlığınızı itirən adam çörək və xeyir tapmaz.
Bu məktəbin tikintisində zəhmət çəkənlər çox olubdur. Mən pensiyada olan adamam, 80 yaşın içindəyəm. Hərdən gəlirdim, inşaat işlərinə baxırdım. Rəsmi nümayəndələr tez-tez gəlirdilər. Məktəbin binası çox sürətlə tikilirdi. Bu yaşda inana bilmirdim ki, məktəb beş ay ərzində hazır olar, istifadəyə verilər. İndi görürsünüz, vəziyyət necədir. Görün, müstəqillikdən sonra Bakı necə inkişaf edibdir.
Zabrat camaatı Prezident və deputat seçməkdə səhv etməmişdir. Sabunçu rayonunun sakinləri həmişə Prezidentin arxasında olacaq, onu dəstəkləyəcəkdir. Rəhmətlik Heydər Əliyev də vaxtilə həmişə bu rayondan deputat olmuşdur.
Cənab Prezident, tapşırığınızla qəsəbədə kanalizasiya xətləri çəkilir, digər işlər də görülür. Sabunçu rayonunda keçirilən böyük yığıncaqda çıxış edərək dedim ki, SSRİ-nin tərkibindən çıxdıqdan sonra Azərbaycan yeganə ölkədir heç kimə borcu yoxdur. Allah Prezidentimizə cansağlığı versin, balalarını min bir budaq etsin. Bu ailə üçün arzulayıram ki, ay kimi ucada, ay kimi işıqlı olsun, heç vaxt bu ailənin üstünü qara bulud almasın. Sağ olun.