Zakir İbrahimov: Memorandumu imzalayan tərəflər Azərbaycanda birgə müəssisələrin yaradılması imkanlarını da araşdıracaq
Bakı, 22 dekabr, AZƏRTAC
Bu gün imzalanan anlaşma memorandumu ölkəmizin dağ-mədən sektorunun gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır. Bilirsiniz ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sektorunda da qardaş Türkiyə ilə olduqca sıx əlaqələrimiz var. İmzaladığımız sənədlə iki ölkənin dağ-mədən şirkətləri ilə tərəfdaşlıq münasibətlərində yeni bir səhifə açılmış oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov media nümayəndələri üçün brifinqdə deyib.
O bildirib ki, memoranduma uyğun olaraq, elmi-texniki əməkdaşlığa dair razılığa gəlinib. Sənəd yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və ya şirkətin yaradılması imkanlarını da araşdıracaq.
“Əminəm ki, birgə əməkdaşlıq ölkəmizin sənaye əhəmiyyətli proqnoz resurslara malik filiz yataqlarının qiymətləndirilməsinə töhfə verəcək. Heç şübhəsiz, birgə aparacağımız tədqiqatlar gələcəkdə yeni investisiyaların cəlb edilməsi, yeni hasilat sahələrinin işə salınması ilə nəticələnək. Bu sənəd çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə beynəlxalq əməkdaşlığa da birgə töhfə verəcəyik”, - deyə Zakir İbrahimov vurğulayıb.