Zaqatala rayonunun 57 mindən artıq sakini tibbi müayinədən keçmişdir
Zaqatala, 15 aprel (AZƏRTAC). Son illər respublikamızda əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il fevralın 17-də başlanan və mayın 1-dək davam edəcək əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası da məhz belə tədbirlərdəndir.
AZƏRTAC xəbər verir ki, tibbi müayinələr Zaqatala rayonunda da uğurla davam etdirilir. Rayon sakinləri onlara verilən bu imkandan yetərincə yararlanmağa çalışırlar. Əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Yeni Suvagil və Danaçı kənd sahə xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında aparılır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva bildirmişdir ki, aksiya çərçivəsində Zaqatala rayonu üzrə 18 yaşdan yuxarı 90 minə yaxın sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. İndiyədək rayonun 57 min 87 sakini tibbi müayinədən keçmişdir. Bu, nəzərdə tutulan əhalinin 63,5 faizini təşkil edir. Bundan əlavə, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabit heyəti də tibbi müayinələrə cəlb olunmuşdur.
Baş həkimin bildirdiyinə görə, tibbi müayinədən keçənlərin 13 min 595 nəfərinə ambulator müalicə təyin olunmuşdur. Ürək-damar və mədə-bağırsaq sistemində yaranan patologiya ilə əlaqədar 12 nəfər stasionar müalicəyə cəlb edilmiş, 2 sakin isə daha geniş müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilmişdir.
Tibbi müayinədən keçən rayonun Qazangül qəsəbəsinin sakini, məcburi köçkün Vaqif Allahverdiyev, rayon sakinləri Şamama Mirzəyeva, Gülnarə Heydərova və başqaları xəstəxanada yaradılan şəraitdən, həkimlərdən razılıq etmiş, belə xeyirxah aksiyanın keçirilməsi təşəbbüsünə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.