Zaqatala şəhərində koronavirus əleyhinə dezinfeksiya işləri aparılır
Zaqatala, 12 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması, yay tətili mövsümü ilə əlaqədar rayonlara gediş-gəlişin artması, eyni zamanda, şənlik mərasimlərinin keçirilməsinə icazənin verilməsi, vətəndaşlarda arxayınçılığın yaranması, gigiyena qaydalarına düzgün riayət edilməməsi nəticəsində son günlər ölkə ərazisində virusa yoluxma sayının kəskin artması müşahidə olunur.
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Zaqatala rayonunda da sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri profilaktik tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 11-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, yeraltı keçid, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, satış mərkəzlərində, bankomatların yerləşdiyi ərazilərdə təmizlik və dezinfeksiya işləri aparılıb.
İnsanların sağlamlığının qorunması məqsədilə rayonda dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.