REGİONLAR
ZAQATALA TÜTÜN EMALI ZAVODU İLİN SONUNADƏK İSTİFADƏYƏ VERİLƏCƏKDİR
AZƏRTAC- ın müxbiri xəbər verir ki, “İnter Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) xətti ilə Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində inşa edilən tütün emalı zavodunun tikintisi iş cədvəlinə uyğun davam etdirilir.
İnşasına 2007-ci ilin sentyabrında başlanılan zavodda gün ərzində 2,5 ton quru tütün emal olunacaqdır.
Zavodun ümumi ərazisi 3 hektar, istehsal prosesinin aparıldığı əsas korpusun sahəsi isə 7900 kvadratmetrdir.
Bundan əlavə, zavodun həyətində 3344 kvadratmetr sahəsi olan anbar binası, transformator, yardımçı stansiya, qazanxana da inşa edilir. Hazırda müəssisədə ABŞ-ın “Evans Mac Tavish” və İtaliyanın “Godioli Bellanti” şirkətlərinin istehsalı olan ən müasir avadanlıq quraşdırılır.
Müəssisədə ətirli “Virciniya” sortlu tütünün redrayinq üsulu ilə emalı həyata keçiriləcəkdir. MMC-yə məxsus qurutmaxanalarda qurudulmuş tütün yarpağı zavodda baş və yan damarlardan təmizlənəcək, karton yeşiklərə qablaşdırılaraq, alıcı müəssisələrə göndəriləcəkdir. Məhsulun keyfiyyət göstəriciləri beynəlxalq bazarın tələblərinə tam cavab verəcəkdir. Zavodda bir növbəli iş rejimində zavodda 50 nəfər çalışacaqdır.
Zavodun tikintisini “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin (GETYM) inşaatçıları həyata keçirirlər. Tikintidə 80 nəfərə yaxın işçi çalışır. Müəssisənin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.