Zaqatalada ağacəkmə aksiyasında 150-dən çox ting əkilib
Zaqatala, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC
“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı yaz ağacəkmə kampaniyası çərçivəsində aprelin 2-də Zaqatalada təşkil olunan aksiyada rayon mərkəzi xəstəxanasının nəzdində olan Vərəm Xəstəlikləri Xəstəxanasının ərazisində 150-dən çox ağac tingi əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzindən məlumat verilib.
Qurumdan bildiriblər ki, mərkəzin əməkdaşlarının və 70-dən çox tibb işçisinin iştirak etdiyi aksiya zamanı xəstəxananın həyətində əsasən Şərq çinarı, pekan qozu, Eldar şamı, cökə, ipək akasiyası və katalpa ağacları əkilib.
Kampaniya çərçivəsində bir neçə gün əvvəl Balakən rayonunda da ağacəkmə aksiyası təşkil olunub.