ZAQATALADA “DİL BÖYÜK BİR ALƏMDİR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə iyulun 31-də Zaqatala şəhərindəki “Qala düzü” istirahət mərkəzində “Dil böyük bir aləmdir” mövzusunda konfrans keçirilmişdir.
Əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın elm, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı uğurlardan bəhs edən film nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli liderimiz Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd olunduğunu bildirmişdir. O, əlamətdar gün münasibətilə Zaqatalada da silsilə tədbirlərin, konfransların, ədəbi-bədii gecələrin keçirildiyini vurğulamışdır. Demişdir ki, xalqımızın milli dəyərlərinin qorunması, onun zənginləşdirilməsi, inkişaf etdirilməsi hər kəsin vətəndaşlıq borcudur. Ana dilimiz məhz belə milli sərvətlərimizdəndir. Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz layiqli yerini tutmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz tarixi xidmətləri vardır. Hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirdə “Ana dili bizim mənəvi birliyimizdir”, “Heydər Əliyev və ana dili”, “Hər bir xalq öz dili ilə tanınır” mövzularında çıxışlar səslənmişdir.
Sonda məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.