Zaqatalalı həkim: Vətəndaşlarımız bir an belə arxayınlaşmamalı, öz sağlamlıqlarının qeydinə qalmalıdırlar
Zaqatala, 12 avqust, Mustafa Dadaşov, AZƏRTAC
2019-cu ilin sonlarından etibarən bütün dünyanı cənginə, ağuşuna almış COVID-19 ilə mübarizəmiz davam edir. Dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkə vətəndaşları arasında koronavirusa yoluxma halları xeyli aşağı düşmüşdü. Lakin son vaxtlar karantin rejiminin yumşaldılması, qadağaların götürülməsi, şənlik mərasimlərində qaydalara əməl olunmaması səbəbindən virusa yoluxma halları yenidən artmağa başlayıb. Ötən gün virusa yeni yoluxan vətəndaşların sayı artıq 2600-ü ötüb. Vətəndaşlarımız bir an belə arxayınlaşmamalı, qoyulan qaydalara düzgün əməl etməli, öz sağlamlıqlarının qeydinə qalmalıdırlar. Əks-təqdirdə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələcək.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Zaqatala Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Vasif İsrafilzadə söyləyib.
Əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunmasının koronavirus pandemiyasının qarşısının alınmasında ən mühüm amillərdən biri olduğunu vurğulayan baş həkim deyib: “Nəzərə alsaq ki, qarşıdan payız fəsli gəlir və mövsümlə əlaqədar olaraq virusa yoluxma halları daha da artacaq, immuniteti gücləndirmək üçün peyvənd olunma olduqca vacibdir. Eyni zamanda, virusdan qorunmaq üçün gündəlik gigiyena qaydalarına əməl etməyimiz, qapalı məkanlarda tibbi maska taxmağımız vacib şərtlərdəndir. Sağlam olmaq istəyiriksə, bu qaydalara mütləq əməl etməliyik. Əks-təqdirdə, virusa yoluxma qaçılmaz olacaq”.
Baş həkimin sözlərinə görə, vaksinasiya prosesi Zaqatala rayonunda da uğurla davam edir. Prosesə başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 68 min 235 doza vaksin vurulub. O cümlədən birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 39 min 489 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 28 min 746 nəfərdir.
Yaş qrupları üzrə indiyədək Zaqatala rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 7 min 502 doza, 50-65 yaş arasında vətəndaşlara 24 min 889 doza, 50 yaşadək vətəndaşlara isə 35 min 844 doza vaksin vurulub.