Zəfər Günü münasibətilə Ağdam şəhərində keçirilən ağacəkmə aksiyasında 800 ədəd Eldar şamı əkilib
Ağdam, 8 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizin bir çox bölgələrində olduğu kimi, işğaldan azad edilmiş Ağdam şəhərində də ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir könüllü” təşkilatının könüllüləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən ilk növbədə, ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, hamarlanıb, əkin üçün hazır vəziyyətə gətirilib. Əraziyə 800 Eldar şamı ağacı əkilib. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.
Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov AZƏRTAC-a müsahibəsində deyib: “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun igid oğulları Qarabağı işğaldan azad etdilər. Onların canı-qanı bahasına bu gün bu müqəddəs torpaqlarda gəzirik. Bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları Zəfər bayramını qeyd edirlər. Prezidentin təşəbbüsü olaraq 44 min ağac əkmə aksiyasına start verilib. Biz də Ağdamda bu aksiyaya qoşulmuşuq. İlkin olaraq Ağdan şəhərində 800 ədəd ağac əkildi”.
E.Hüseynov bildirib ki, Ağdam şəhərinin Baş Planına əsasən burada 4 böyük meşə zolağı və 23 şəhər parkının salınması nəzərdə tutulub. Şəhərin ərazisinin 20 faizi yaşıllıqlarla əhatə olunacaq. Bu ərazilərdən biri də sənaye zonasıdır. Sənaye zonası Ağdam şəhərində başlanılmış olan ilk quruculuq layihələrindən biridir. Əhlinin iş yerləri ilə təmin olunması baxımından sənaye zonası olduqca əhəmiyyət kəsb edir”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov söyləyib ki, ağacəkmə aksiyası bütün respublika ərazisində davam etdirilir: “Ekologiya Nazirliyi hər il həm payız, həm də yaz əkini mövsümündə ağacəkmə aksiyaları həyata keçirir. Bu il də IDEA İctimai Birliyinin təşəbbüsü ilə respublika ərazisində ağac əkinləri nəzərdə tutulub. Həm Abşeron yarımadasında, həm işğaldan azad olunan ərazilərdə, həm də respublikanın digər ərazilərində ağacəkmə aksiyaları aparılacaq”.
Könüllü Gülgəz Hacıyeva Ağdamda keçirilən ağacəkmə aksiyasında iştirak etdiyi üçün qürur duyduğunu deyib. “Bizim əkdiyimiz ağaclar gələcəkdə Ağdam şəhərinin abadlaşmasına töhfə verəcək. Buna görə fəxr edirik. İnanırıq ki, Ağdam tezliklə dirçələcək və gözəlləşəcək”, - deyə gənc könüllü qeyd edib.