Zəfər Günü tədbiri: Paytaxt məktəbliləri hərbi and içdilər
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 32 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, hərbi orkestrin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Bakı məktəbliləri Zəfər andını oxuyublar.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədbir iştirakçılarını qarşıdan gələn 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
M.Vəliyeva Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən qurtarması və xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz Qələbəsinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qürurla qeyd edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, illər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın birliyi, həmrəyliyi, ordumuzun rəşadəti və ölkə başçısının qətiyyəti sayəsində əldə etdiyimiz bu Qələbə heç vaxt unudulmayacaq, şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti heç vaxt yaddan çıxmayacaq.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva ulu öndər Heydər Əliyevin siyasəti sayəsində qüdrətli dövlətə çevrilən Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə zəfərə doğru məqsədyönlü şəkildə irəliləməsinin və məqsədinə çatmasının siyasi qanunauyğunluq olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, müasir gəncliyin yüksək səviyyədə yetişdirilməsi və məktəblərdə müşahidə olunan vətənpərvərlik ruhu sabaha olan inamımızı daha da artırır.
Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.