Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyası (BXA) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.
Bu barədə AZƏRTAC-a BXA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə Xalq artistləri Cəmilə Bayramovanın, Yusif Qasımovun, Təranə Muradovanın quruluşunda “Xarıbülbül”, “Cəngi”, “Şuşanın dağları”, Əməkdar artistlər Sənan Hüseynlinin, Rimma İskəndərovanın, Eteri Cəfərovanın, Gülməmməd Şahverdiyevin, Viktoriya Şahmuradovanın quruluşunda isə “İgidlər rəqsi”, “Arazbarı”, “Yallı”, “Qarabağ yallısı”, “Sarı gəlin” nümayiş olunub. Həmçinin Əməkdar müəllim Aqalıyay Pelumbun, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın “Azərbaycan kapriciosu”, “Vals”, BXA-nın müəllimləri Kamilə Əliyevanın, Yelena Çernousovanın, Pərvin Nəcəfovanın, Vüsalə Babayevanın quruluşunda “Xudayar təsnifi”, “Mirzəyi”, “Hərbi vəziyyət” və “Hardasan” təqdim edilib.
Konsertdə Bakı Musiqi Akademiyasından Yulizana Kuxmazova, İlham Nəzərov, Mirələm Mirələmov, Fəridə Məmmədova, Emin İsmayılov, Ürfan Cəfərov, Əməkdar artist Nurlan Növrəsli “Payız səndən bir ricam var”, “Ave Mariya”, “Azərbaycan” və digər musiqi nümunələri ifa ediblər.
Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasında təşkil edilən konsertin proqramının rejissoru Əməkdar artist Nicat Kazımov, bədii rəhbəri isə BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadədir.
Tədbirdə şəhid və qazi ailələri, müharibə iştirakçıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.