“Zəfərə şahidlik edən Bayrağım” adlı dəyirmi masa təşkil olunub
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsində tarixi Qələbənin qazanılmasının üçüncü ildönümünə həsr olunmuş “Zəfərə şahidlik edən Bayrağım” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada Müdafiə Nazirliyinin hərbi hissələrinin, idarə və müəssisələrinin, veteran təşkilatlarının, ictimai birliklərin, Birinci Qarabağ və Vətən müharibəsi qazilərinin, təhsil müəssisələrinin, şəhər muzeylərinin və digər idarə-müəssisələrin nümayəndələri iştirak ediblər.
Dəyirmi masada muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-elmi işçi Vahid İsmayılovun, Vətən müharibəsi qazilərinin və digər dəyirmi masa iştirakçılarının məruzə və çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd olunub ki, erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın, Ordumuzun, xalqımızın Zəfəri ilə başa çatdı və haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu Qələbəni Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, şanlı Ordumuzun şücaəti, cəsur əsgərlərimizin canı, müqəddəs şəhidlərimizin qanı, mərd xalqımızın birliyi hesabına qazandıq. Digər dünya dövlətlərinin əksər siyasi xadimləri, hərbi mütəxəssisləri açıq şəkildə bəyan edirlər ki, 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü.
Diqqətə çatdırılıb ki, bu gün milli hərb tariximiz baxımından Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq böyük miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu.
Sonra tarixi günə həsr olunmuş sənədli film nümayiş olunub.
Bədii hissə ilə davam edən dəyirmi masada Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin üzvlərinin ifasında hərbi-vətənpərvərlik musiqiləri səsləndirilib.