Zəfərimiz, bayrağımız və mənəvi dəyərlərimiz müzakirə olunub
Bakı, 11 noyabr, AZƏRTAC
“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə icra olunan “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsinin növbəti tədbiri onlayn formatda keçirilib.
AZƏRTAC xəbər verir ki, Zəfər və Bayraq Gününə həsr olunan tədbir Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilati dəstəyi ilə baş tutub.
AVH-nin icraçı direktoru, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü layihənin məqsədindən, görülən işlərdən və perspektiv planlardan bəhs edib. O, 44 günlük Qələbənin qazanılmasında mənəvi dəyərlərimizin çox böyük təsirinin olduğunu qeyd edib.
ADNSU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor, “Şuşa. Pənahabad” kitabının müəllifi Camal Mustafayev 44 günlük müharibənin dönüş nöqtəsi olan Şuşa haqqında tarixi bilgilərini bölüşüb. Professor Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin tarixi, yerləşdiyi coğrafi mövqe, onun əhəmiyyəti və sair haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov şəhidlik fəlsəfəsi haqqında çıxış edib. O, Qarabağı işğaldan azad edərkən şəhid olan hərbçilərimizin, vətəndaşlarımızın ən ali məqamda olduqlarını qeyd edib.
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Elmar Məhərrəmov mənəvi dəyərlərimiz, tarix şüuru, milli kimliyimiz və sair mövzular ətrafında fikirlərini çatdırıb.
Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Ceyran Səttarova Türkiyədə, Antalyada gördükləri işlərlə, xüsusən də İkinci Qarabağ müharibəsi ilə bağlı fikirlərini bölüşüb.
AVH-nin Məclis üzvü, dosent Mübariz Ağalarlı Birinci Qarabağ müharibəsi haqqında danışıb. O, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş yerlərdə azan verilməsini mənəvi dəyərlərə bağlılığın göstəricisi kimi qiymətləndirib.
ADPU-nun tələbəsi Anar Salehoğlu ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövründə görülmüş işlərdən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində əldə edilən zəfərdən söz açıb.
AVH-nin İdarə Heyətinin üzvü, Əməkdar müəllim Aydın Allahverdiyev Azərbaycan xalqının, türk millətinin xüsusiyyətlərindən, mərdliyindən və qəhrəmanlığından bəhs edib.
AVH-nin İdarə Heyətinin üzvü, tarixçi alim, dosent Hacı Həsənov Şuşa qələbəsinin mənəvi dəyərlərimizi daha da zənginləşdirdiyini qeyd edib. O, Şuşa qalibiyyətinin Gövhər Ağa məscidindən azan çəkilməsi vasitəsilə bəyan edilməsini, mənəvi dəyərlərimizi qorumağın vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.