“Zəngəzur” elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda, Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinin birinci mərhələsi yekunlaşmaq üzrədir.
“AzərEnerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, ölkə başçısının tapşırığına əsasən ASC tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 kilometr məsafədə ikidövrəli olmaqla, 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır. Hər birinin çəkisi orta hesabla 30 tondan artıq, hündürlüyü 45 metrə yaxın olan 296 ədəd anker və aralıq dayaqlardan ibarət ötürmə xəttində işlərin 97 faizi icra edilib. Bu ilin qış, yaz və yay ayları da daxil olmaqla çətin iqlim və sərt relyefdə çəkilən ötürmə xəttində işlər “AzərEnerji” tərəfindən ən qısa müddətdə, qrafikdən əvvəl icra olunub.
Növbəti mərhələdə Ordubaddan Naxçıvana qədər 100 kilometr, Zəngəzur dəhlizini keçməklə 44 kilometr və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ötürmə xəttinin çəkilməsi nəzərdə tutulur.
Muxtar Respublikanın ölkənin vahid enerji sisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması, həmçinin yaşıl enerjinin ötürülməsi baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.