Azərbaycanlı musiqiçilər Balıkesirdə konsert proqramı ilə çıxış ediblər
İstanbul, 21 avqust, AZƏRTAC
Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında Azərbaycanı təmsil edən “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı qardaş ölkənin Balıkesir vilayətində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert proqramından əvvəl Azərbaycanın nümayəndə heyəti Balıkesirin ləzgilərin kompakt yaşadığı Ortaca kəndini ziyarət edib. Kənd sakinləri tərəfindən səmimi qarşılanan nümayəndələrimizə Ortacanın tarixi, burada yaşayan ləzgi ailələrinin keçmişi, adət-ənənələri və mədəni irsi haqqında ətraflı məlumat verilib.
Görüş zamanı xüsusilə doğma dilin, milli adət-ənənələrin və folklor nümunələrinin qorunub-saxlanılması ilə bağlı söhbətlər aparılıb. Azərbaycan nümayəndə heyəti ilə kənd sakinləri arasında baş tutan səmimi görüş qarşılıqlı hörmət və mənəvi yaxınlıq şəraitində keçib.
Eyni etnik kökdən gələn insanların illər və məsafələrə baxmayaraq, öz mədəni kimliklərini qoruyub yaşatmaları görüşə xüsusi ab-hava qatıb. Kənd sakinləri ilə söhbət zamanı Azərbaycanın müxtəlif bölgələrində yaşayan ləzgilərin mədəni həyatı, folkloru və milli dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
Qonaqlar üçün kənddəki tarixi məkanlarla tanışlıq təşkil edilib.
Balıkesir Dağıstan Mədəniyyət və Yardımlaşma Dərnəyinin təkilatçılığı ilə keçirilən konsertdə ansambl “Şadvilin suvar” (Bayram sevinci), “Görüş”, “Çəmənlik”, “Naz eləmə”, “İrs” və “Ləzginka avazı” rəqsləri, həmçinin Cəvahir Abdulova tərəfindən “Kanidi” (Sevdiyim), “Sarı gəlin”, “Azərbaycan”, Elvina Heydərovanın təqdimatında isə “Perizada”, “Qara dəniz” və “İyerval” (Gözəllik) mahnıları ifa edilib.
Qeyd edək ki, avqustun 18-də Türkiyənin Yalova şəhərində başlayan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı davam edir. “Qafqazda və bütün dünyada sülh naminə” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı tərəfindən təmsil olunur. Festivalda Azərbaycanla yanaşı, Adıge, Dağıstan, Gürcüstan, Kabarda Balkariya və Şimali Osetiyadan ümumilikdə 350-dən çox sənətçi iştirak edir.
Tədbirin əsas məqsədi Qafqaz xalqlarının zəngin mədəni irsinin qorunması, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdir.
Tədbir çərçivəsində yazıçı-publisist Sədaqət Kərimovanın türk dilində nəşr olunan "Lezgiye" kitabının imza mərasimi keçirilib.
Festivalın avqustun 21-də baş tutacaq Qala konsertində “Suvar” ansamblı geniş proqramla çıxış edəcək.