Peşəkar saç ustası: Ali təhsildən sonra ürəyimdəki sənəti peşə təhsili ilə seçdim
Bakı, 21 avqust, AZƏRTAC
Peşə təhsili insana yalnız müəyyən bir sənətin texniki tərəflərini öyrətmir, həm də həmin sahədə peşəkar kimi formalaşmağa, yaradıcılıq imkanlarını inkişaf etdirməyə və əmək bazarında öz yerini tapmağa şərait yaradır. Bu imkanlardan faydalanan şəxslərdən biri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bərbər-vizajist-manikürçü ixtisası üzrə birillik təhsil almış Vüqar Səmədovdur. O, “X Studio”da baş usta işləyir.
Vüqar Səmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, uşaqlıqdan saç ustası olmağı arzulayıb. Ailəsinin ali təhsil almaq istəyinə baxmayaraq, o, öz marağından imtina etməyib və seçdiyi sənətin incəliklərini peşəkar səviyyədə öyrənmək üçün peşə təhsilinə üz tutub: “Bu sənətə böyük marağım var idi. Həmişə deyirdim ki, saç ustası işləmək istəyirəm. Ailədə isə daha çox ali təhsil almağımın vacibliyi vurğulanırdı. Mən həm ali təhsil aldım, həm də ürəyimdə olan sənəti seçdim. Bu sahənin dərinliklərini öyrənmək üçün peşə təhsili almağı vacib hesab etdim. Hər şey məndə həvəsdən başladı və bu gün deyə bilərəm ki, istədiklərimə nail olmuşam.
Peşə təhsil mərkəzində sənətimin incəliklərini və nəzəri əsaslarını öyrəndim. Bu baxımdan mənə dəstək olan məktəb rəhbərliyinə və müəllimlərimə təşəkkürümü bildirirəm. Onlar sevdiyim sənətin sirlərini mənə öyrətdilər. Bu sahədə nəzəriyyəni bilmək çox vacibdir. Çünki peşəkar olmaq üçün yalnız praktiki təcrübə kifayət etmir. Peşə təhsili insanı həyatda sənətkara çevirir. İnsan öz üzərində daha böyük məsuliyyət hiss edir, yaradıcılığını və fantaziyasını ortaya qoyur. Saç ustası olaraq deyə bilərəm ki, bizim işimiz rənglərlə də bağlıdır. Saç üzərində müxtəlif rəng çalarları ilə sanki bir rəsm əsəri yaratmaq mümkündür. Bunun üçün isə mütləq şəkildə bilik və təhsil lazımdır”.

Müsahibimiz hazırkı fəaliyyətinə qədər uzun və zəhmətli bir yol keçdiyini söyləyib. Bildirib ki, baş usta səviyyəsinə yüksəlmək üçün əvvəlcə köməkçi kimi çalışıb, müxtəlif mərhələlərdən keçərək təcrübə toplayıb.
Peşə təhsilinin onun üçün yalnız təhsil mərhələsi ilə məhdudlaşmadığını deyən həmsöhbətimiz həmkarlarına da bu istiqamətdə inkişaf etməyi tövsiyə edir. Onun sözlərinə görə, peşəkar fəaliyyətlə məşğul olan hər bir usta nəzəri və praktiki biliklərini artırmalıdır.
“Bu yaxınlarda öz ustadım olan kişi bərbərinə də həmin məktəbdə təhsil almağı məsləhət gördüm. Salonlarda və seminarlarda olduğum zaman həmkarlarıma da deyirəm ki, gedin, təhsil alın. Təhsilli usta ilə təhsilsiz usta arasında böyük fərq var. Təhsil insanın daha çox uğur qazanmasına və yeni nailiyyətlər əldə etməsinə yol açır”, - deyə baş usta bildirib.
V.Səmədov gənclərə müraciət edərək onları maraq göstərdikləri sahə üzrə peşə təhsili almağa çağırıb: “Gənclərə tövsiyəm odur ki, oxusunlar, təhsil alsınlar. İstər bərbər, istər vizajist, istər manikürçü, istərsə də başqa bir sənət seçsinlər, özlərini həmin sahədə görürlərsə, onun sahibi olmağa çalışsınlar. Amma bunu təhsilli şəkildə etsinlər. Çünki sevdiyin işi öyrənmək, onu daim təkmilləşdirmək və peşəkar səviyyəyə çatdırmaq insanı başqalarından fərqləndirir və uğura aparır”.
Müxbir – Nərmin Muradzadə