Musiqi seçimi imkanları genişləndikcə insanın zövqü dəyişə bilərmi? - sosioloq
Bakı, 20 avqust, AZƏRTAC
Bu gün bir neçə saniyə ərzində dünyanın müxtəlif ölkələrindən minlərlə musiqi əsərinə çıxış əldə etmək mümkündür. Lakin seçim imkanlarının görünməmiş dərəcədə genişlənməsi paradoksal olaraq dinləyicinin musiqi zövqünü məhdudlaşdıra bilərmi? İstifadəçinin əvvəlki seçimlərinə əsaslanan alqoritmik tövsiyələr onu eyni üslubda və oxşar ovqatda musiqi nömrələri ilə qarşılaşdırdıqca, nəhəng rəqəmsal musiqi məkanı bəzən insanı öz zövqünün yaratdığı dar çərçivəyə qaytara bilər.
Bunu AZƏRTAC-a açıqlamasında, BDU-nun Sosiologiya kafedrasının müəllimi Natəvan Nəcəfova söyləyib. O deyib: “Əvvəllər insanların musiqi zövqü əsasən radio, televiziya və canlı izlədiyimiz konsertlər, musiqili tamaşalar vasitəsilə formalaşırdı. Bu gün isə müxtəlif platformalar, sosial şəbəkələr, süni intellekt yalnız estetik zövq deyil, həm də həyat tərzinə, belə deyək ki, rəqəmsal ünsiyyət elementinə çevrilib”.
Alqoritmlərin seçdiyi musiqi
Ekspert bildirib ki, bu gün istənilən anda dinləyici üçün bütün janrlarda musiqi əsərləri əlçatandır. Onun sözlərinə görə, bu geniş imkanların başqa tərəfi də var: “İstifadəçilər eyni tip musiqi ilə məhdudlaşdırıla bilər. Yəni biz zövqümüzə və ya əhvalımıza uyğun olaraq hansısa bir musiqini dinləmək istəyiriksə, ardıcıl olaraq buna bənzər musiqi nömrələri təqdim olunmağa başlanır”.
Fonoqram İstehsalçıları Beynəlxalq Federasiyasının 26 ölkədə 43 mindən çox respondent arasında apardığı araşdırmaya görə, 16-24 yaş arasında olanların 65 faizi dünyanın istənilən yerindən musiqiyə çıxış imkanını vacib hesab edir. “Spotify Research”ün araşdırmalarından biri isə alqoritmik tövsiyələrin musiqi istehlakının müxtəlifliyinə təsir edə bildiyini göstərir. Beləliklə, rəqəmsal mühit musiqi seçimlərini genişləndirərkən dinləyicini artıq bəyəndiyi səslərə də bağlaya bilər.
Mahnıların ömrü qısalır, zövq qloballaşır
Rəqəmsal platformalar musiqinin yalnız seçilmə formasını deyil, yayılma sürətini də dəyişib. Sosial şəbəkələrdə bir neçə saniyəlik fraqmentin populyarlaşması bütöv mahnının tanınmasına səbəb ola bilir.
“Bir çox mahnı əvvəlcə sosial şəbəkələrdə trend olaraq yayımlanır, sonra isə dünya hitinə çevrilir. Nəticədə mahnıların uzunluğu qısalır, daha çox yadda qalan fraqmentlər yaradılır, vizual təqdimat ön plana keçir”, - deyə sosioloq bildirib.
Ekspertin fikrincə, bunun nəticəsində bəzi mahnıların gündəmdə qalma müddəti də qısalır: “Bir müddət gündəmdə olur, yenisi, yəni başqa ifa gəldikcə, ondan əvvəlkilər unudulur”.
Müsahibimiz vurğulayıb ki, bədii dəyəri yüksək olan əsərlər zamanın sınağından keçib: “Həm musiqisi, həm sözləri, həm ifası mükəmməl olan musiqi əsərləri, mahnılar heç zaman aktuallığını itirmir. İllər keçsə belə, həmin mahnılara yeni formada, yeni təqdimatda, yeni aranjimanda qayıdılır və sevilə-sevilə dinlənilir”.
Rəqəmsallaşma, eyni zamanda, gənclərin musiqi zövqünü qlobal mədəniyyətlə daha sıx əlaqələndirib. “Bugünkü gənclər həm Azərbaycan muğamını, həm türk pop musiqisini, həm də Amerika hit-hopunu və digər janrlarda nümunələri dinləyirlər. Beləliklə, musiqi zövqü kosmopolit xarakter alır”, - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, musiqi bu prosesdə gənclərin identikliyinin formalaşmasına da təsir göstərir: sosial qruplara aidiyyət hissi yaradır, dəyərlərin və həyat tərzinin ifadə vasitəsinə çevrilir.
Milli musiqini gənclərə necə yaxınlaşdırmaq olar?
Sosioloq hesab edir ki, milli və klassik musiqinin müasir auditoriyaya çatdırılmasında yeni təqdimat formaları mühüm rol oynaya bilər. Onun sözlərinə görə, gənclər rok, caz və pop elementləri ilə yeni aranjmanda təqdim edilən əsərləri sevirlər.
Həmsöhbətimizin fikrincə, musiqinin yaranma tarixi və bəstəkarlar haqqında məlumatların interaktiv formatlarda təqdim edilməsi, məktəblilərin milli musiqi ilə bağlı öz təqdimatlarını hazırlaması, konsertlərin internet üzərindən yayımlanması və tanınmış musiqiçilərlə gənclərin əməkdaşlığı da marağı artıra bilər.
Ekspert milli və klassik musiqidən filmlərdə və seriallarda istifadə olunmasını da bu əsərlərin yeni auditoriyaya çatdırılması baxımından səmərəli hesab edir.
Müxbir - Lalə Minasazova