SOCAR WIN Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayır
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 21-dən SOCAR innovativ ideyaların və qabaqcıl texnologiyaların enerji sektoruna inteqrasiyasını hədəfləyən WIN (What is Next) Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi neft-qaz əməliyyatlarını təkmilləşdirən və enerji keçidinə töhfə verən texnoloji həlləri şirkətin mütəxəssisləri ilə birgə sınaqdan keçirmək, onların tətbiq imkanlarını qiymətləndirməkdir. Proqram enerji keçidi və aşağı karbonlu texnologiyalar, süni intellekt, məlumat analitikası və rəqəmsallaşma, dayanıqlı iqtisadiyyat, əməliyyat mükəmməlliyi, eləcə də əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması (HSE) istiqamətlərini əhatə edir.
Müraciətlər sentyabrın 12-dək dünyanın istənilən nöqtəsindən olan startaplar, texnologiya şirkətləri və innovatorlar üçün açıqdır. Seçim mərhələsini uğurla keçən iştirakçılara SOCAR mütəxəssisləri ilə birbaşa əməkdaşlıq şəraitində layihələrini real əməliyyat mühitində sınaqdan keçirmək üçün 20 min dollaradək sınaq büdcəsi təqdim ediləcək.
Proqramda iştirak etmək istəyən namizədlər rəsmi müraciət şərtləri və digər detallarla tanış olmaq üçün win.socar.az internet səhifəsinə daxil ola bilərlər.