Cavanşir Yusifli: Bəkir müəllim mənə müstəqil olmağın ən çətin tərəflərini öyrədib
Bakı, 21 avqust, AZƏRTAC
Akademik Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslığında yalnız elmi irsi ilə deyil, insanlara münasibəti, ədalətli mövqeyi və ziyalı davranışı ilə dərin iz qoyub. Onu yaxından tanıyanların xatirələrində Bəkir müəllim sakit təbiəti, asta yerişi, özünəməxsus danışıq tərzi və hər fikrini ölçüb-biçərək ifadə etməsi ilə yadda qalıb. Görkəmli alim ədəbi tariximizin diqqətdən kənarda qalan, taleyi yarımçıq qalan şəxsiyyətlərinə xüsusi həssaslıqla yanaşır, onların irsinə yeni işıq salmağa çalışırdı. Bəkir Nəbiyevin həyatında və yaradıcılığında alimliklə insanlıq, elmi prinsipiallıqla mənəvi məsuliyyət bir-birindən ayrılmırdı. Onun gənc tədqiqatçılara göstərdiyi dəstək isə bu böyük ziyalının yaddaşlarda necə yaşadığını bir daha ortaya qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Cavanşir Yusifli söyləyib.
“Bəkir müəllim hər bir dövrün ədəbi mənzərəsini düzgün dəyərləndirir, hansı mərhələdə hansı ədəbi şəxsiyyət haqqında yazmağın vacibliyini yaxşı bilirdi”, - deyə alim qeyd edib. O, Bəkir Nəbiyevin yaradıcılığında nakam taleli şair və alimlərin irsinə xüsusi diqqət yetirdiyini vurğulayaraq deyib: “Akademikin namizədlik dissertasiyasını Firudin bəy Köçərliyə həsr etməsi təsadüfi deyildi. Həmin tədqiqat Azərbaycan ədəbiyyatşünaslığının qiymətli əsərlərindən biri hesab olunur”.
C.Yusifli Bəkir Nəbiyevlə şəxsi tanışlığını belə xatırlayır: “1989-cu ildə aspiranturaya sənəd verərkən Bəkir müəllim AMEA Rəyasət Heyətində humanitar sahə üzrə akademik katib vəzifəsində çalışırdı. Həmin il əyani aspiranturaya 12 nəfər sənəd vermişdi, yer isə iki idi. İmtahanlardan sonra yalnız üç namizəd qalmışdı. Müxtəlif meyarlarla aparılan yenidən qiymətləndirmənin nəticəsində mən kənarda qaldım. Bu qərarla razılaşmayaraq məsələni rəhbərliyə bildirdim və həmin gün Rəyasət Heyətinə gedərək Bəkir müəllimlə görüşdüm. O, məsələni diqqətlə dinlədikdən sonra baş verənlərə münasibətini bildirdi və problemin həlli üçün müvafiq addımlar atdı. Plan Komitəsinə müraciət etdi və mənim üçün əyani aspiranturada yer əldə etdi”.
Müsahibimiz görkəmli alimin insani keyfiyyətlərindən də söz açıb: “Bəkir müəllim mənə müstəqil olmağın ən çətin tərəflərini öyrədib. Onun mənim taleyimdə və elmi yaradıcılığa gəlməyimdə xüsusi rolu olub”.
Dosent C.Yusifli Bəkir Nəbiyevin yubileyi münasibətilə xatirə və qeydlərini “Azərbaycan” jurnalında dərc etdirdiyini xatırlayaraq deyib: “Bəkir müəllim yazını oxuyanda çox sevinmişdi. Çünki öz əməyinin bəhrəsini, yetişdirdiyi insanların uğurlarını görmüşdü.
Akademik Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus məktəb yaratmış, ədəbi şəxsiyyətlərin irsini obyektiv və prinsipial şəkildə araşdırmış görkəmli ziyalı idi”.
Müxbir - Tünzalə Arazlı