Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO
Zəngilan, 13 may, AZƏRTAC
Bu gün növbəti köç karvanı ilə Zəngilan şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilan şəhərinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə olmaqla, 235 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
14:10
İşğaldan azad olunan Zəngilan şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilan şəhəri bu gün 59 ailə olmaqla, 235 nəfərə qucaq açıb.
Qeyd edək ki, Zəngilan şəhərindəki ilk yaşayış kompleksi müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış kompleksinin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə, ümumilikdə, 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Müxbir-Aydın Yavərzadə