“ZƏRİFƏ” MƏDƏNİYYƏT AGENTLİYİ ALMANİYADA AZƏRBAYCAN RƏSSAMLARINI TƏBLİĞ EDİR
Qurultay nümayəndəsi - Almaniyanın Köln şəhərində yaşayan İldırım Sultanov AZƏRTAC-ın müxbirinə demişdir ki, hər bir qurultayımız soydaşlarımızın, ümumiyyətlə dünya türklərinin birliyi istiqamətində irəliyə doğru atılan əhəmiyyətli addımdır. Bu mənada sonuncu qurultayımız da xüsusi əhəmiyyət kəsb edir. Bunu nümayəndə heyətimizin üzvü, Maynts-Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür qurultayda çox dəqiq ifadə etdi. O dedi ki, ümummilli liderimiz Heydər Əliyev dünya azərbaycanlılarının I qurultayında soydaşlarımızı, cənab İlham Əliyev isə bu qurultayda dünya türklərini birləşdirdi. Özü də bu birlik sonradan dost olanların yox, eyni soydan, eyni kökdən olanların birliyidir. Bu, qardaşların onlara düşmən olanlara qarşı yumruq kimi birləşməsidir.
Almaniyada yaşayan hər bir azərbaycanlı dahi rəhbərimizin “Dünyanın harasında yaşayırsınız yaşayın, o ölkənin vətəndaşı olun, onların dilini danışın, amma siz öz mədəniyyətinizi, adət və ənənələrinizi, ən əhəmiyyətlisi isə, dininizi və dilinizi unutmayın. Yaşadığınız ölkələrdə Azərbaycanın məsələlərini çatdırın və Azərbaycanı tanıdın!” tövsiyəsinə imkanı daxilində əməl etməyə çalışır.
Rəssamam, 1996-cı ildə dostlarımla “Zarifa art kunst agentur” (“Zərifə” mədəniyyət agentliyi) yaratmışam. Bu ilin avqustunda 10 illik yubileyimizi qeyd edəcəyik. Hamburq və Hameln şəhərlərində qalereyalarım var. Tez-tez Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər təşkil edirəm. Bu işdə dostlarım - Norber Trabe, Köln şəhərinin mədəniyyət işləri rəisi Bunk, qalereya sahibi Xose Okon mənə yaxından kömək göstərirlər. Sərgilərdə Azərbaycanda və Almaniyada yaşayan rəssamlarımızın - xalq rəssamı Oqtay Sadıqzadə, Şahpələng Məmmədov, Mirnadir Zeynalov, Əşrəf Heybətov, Marqarita Kərimova və başqalarının əsərlərini nümayiş etdiririk. Almaniyada mədəniyyətimizə və incəsənətimizə hədsiz maraq vardır. Cənab Bunk və dostlaşdığım digər almanlar xalqımıza böyük rəğbət bəsləyir, Azərbaycanı sevirlər. Tariximiz barədə mənə çoxlu sual verir, qurultay təəssüratlarımı maraqla dinləyirdilər. Yeri gəlmişkən, qurultayda mənə hədiyyə edilmiş “Qarabağ xanəndələri” albomunu Bunka bağışlamışam.
Bu ilin iyulunda Kölndə beynəlxalq simpozium keçiriləcək. Simpoziuma Azərbaycandan Sabir Çopuroğlunu və Orxan Hüseynovu dəvət etməyi qərara almışıq.
Mən və dostlarım mədəniyyətimizi təbliğ etmək üçün səyimizi bundan sonra da əsirgəməyəcəyik. Lakin bəzi təşkilati tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin köməyinə ehtiyacımız var. Bircə faktı deyim ki, artıq Hamburqdakı qalereya özünü doğrultmur. Onu birgə səylə qoruyub saxlamasaq, bağlamalı olacağıq...