“Zirə”nin legioneri: Biz turnir cədvəlinə yox, öz oyunumuza baxırıq - MÜSAHİBƏ
Bakı, 18 oktyabr, AZƏRTAC
“Zirə” komandasının braziliyalı müdafiəçisi Ruan Renato Premyer Liqanın ilk dövrəsinin yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verib.
Komandanız birinci dövrəni 19 xalla zirvədə tamamladı. Çıxışınızı necə qiymətləndirirsiniz?
- Çempionata belə yaxşı başladığımız üçün çox şadıq. Çətin oyunlar keçirdik. Düşünürəm ki, uğurlu startın səbəbi mövsümöncəsi hazırlıqlarımızdır. Təlim-məşq toplanışında çox çalışdıq və indi də bəhrəsini görürük.
İlk dövrədən sonra “Zirə” çempionatda ən az top (5) buraxan komandadır. Sizcə, bu göstəricidə müdafiəçi Ruan Renatonun rolu nə dərəcədədir?
- Ruan Renato həm məşqdə, həm də oyunlarda “Zirə” üçün hər şeyi verməyə hazır olan oyunçulardan yalnız biridir. Meydana çıxanda komanda yoldaşlarıma kömək üçün əlimdən gələni etməyə çalışıram. İstəyirəm ki, daha çox inkişaf edək.
Nəticələriniz yaxşı olsa da, oyun baxımından müəyyən çatışmazlıqlar nəzərə çarpır. Bu, nə ilə bağlıdır?
- Oyunumuzu daha da inkişaf etdirə bilərik. Heyətimizdə yaxşı oyunçular var. Unutmaq olmaz ki, komandada böyük dəyişikliklər olub. Ötən yay “Zirə”ni xeyli oyunçu tərk etdi, onların əvəzinə isə yeniləri gəldi. İnanıram ki, uyğunlaşma prosesi tam başa çatandan, meydanda bir-birimizi daha yaxşı başa düşəndən sonra oyunumuz daha da təkmilləşəcək.
Turnir cədvəlində "Qarabağ", "Neftçi" və "Sabah" kimi komandalara yuxarıdan aşağı baxmaq necə hissdir?
- Bu komandaların necə güclü olduqlarını və cari mövsüm çempionluq üçün nə qədər sərmayə qoyduqlarını bilirik. Fikrimcə, mövsümün ikinci hissəsi çox çətin olacaq. Bu komandalar hələ çox inkişaf edəcəklər. Əsas rəqiblərimizdən geri qala bilmərik. Oyunumuzu yaxşılaşdırmaq, qarşıdakı çətin oyunlara hazır olmaq üçün inkişaf etməyə çalışmalıyıq.
Necə düşünürsünüz, “Zirə” bu gün ilk pillədə olmağa layiqdir?
- Əlbəttə. “Zirə”ni bir komanda kimi fərqləndirən əsas amil bütün futbolçuların, məşqçilərin, heyətin fədakarlığıdır. Hər kəs əlindən gələni edir. Biz birlikdə məqsədlərimizə çatacağıq.
Sizcə, liderliyi mövsümün sonuna qədər qoruyub saxlamağa gücünüz çatacaq?
- Hədəfimiz liderlik deyil. Biz turnir cədvəlinə yox, öz oyunumuza diqqət yetiririk. Hər məşqdə və oyunda inkişaf etməyə çalışırıq. Qarşıda bizi böyük matçlar gözləyir və komanda olaraq buna hazır olmalıyıq. Ona görə də turnir cədvəlindəki mövqeyimizlə kifayətlənə bilmərik. Çünki orada vəziyyət çox tez-tez dəyişir.