Zoologiya İnstitutunun 85 illiyinə həsr olunan elmi-praktik konfrans keçiriləcək
Bakı, 21 may, AZƏRTAC
Oktyabrın 8-də Zoologiya İnstitutunun 85 və akademik Musa Musayevin anadan olmasının 100 illiyinə həsr olunan “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: aktual məsələlər, nailiyyətlər və innovasiyalar” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi zoologiya elminin mövcud problemlərini, inkişaf perspektivlərini, fundamental və tətbiqi elmi araşdırmaları, heyvanlar aləminin qorunması və davamlı istifadəsinin əsaslarını, onun qorunması məsələlərini müzakirə etməkdir. Eyni zamanda, dünya alimlərinin diqqətini Cənubi Qafqaz bölgəsinin öyrənilməsinə həsr olunmuş çoxsaylı elmi-tədqiqatlara yönəltməkdir.
Konfransa məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul ediləcək. İştirak etmək istəyənlər məqalələrini sentyabrın 10-dək [email protected] ünvanına göndərməlidir. Konfransa təqdim olunan materiallar üçün müəlliflər məsuliyyət daşıyırlar. Redaksiya heyəti materialları korrektə etmək hüququna malikdir. Materiallar konfransın istiqamətinə və ya elmi səviyyəsinə uyğun gəlmədikdə, qeydiyyat üçün tələblərə cavab vermədikdə və ya müəyyən olunmuş vaxtdan gec göndərildikdə qəbul edilməyə bilər. Təşkilat komitəsi müraciətlərin qəbulu barədə elektron poçtla müəllifləri məlumatlandıracaq. Materiallar konfransın keçiriləcəyi tarixə qədər toplu şəklində çap olunacaq. Daxil olan məqalələr rəyə təqdim ediləcək və müsbət rəy almış məqalələr çapa tövsiyə olunacaq.
Konfrans haqqında ətraflı məlumatla Zoologiya İnstitutunun saytında tanış olmaq olar.