ELM VƏ TƏHSİL
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
Bakı, 22 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşün budəfəki qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, tarix üzrə elmlər doktoru Fərid Şəfiyev olub.
Fərid Şəfiyev tələbələrə təhsil illəri və karyerasından danışıb. Tələbələrə tövsiyə edib ki, elmi araşdırmalarda emosional deyil, professional yanaşma vacibdir. Belə yanaşma beynəlxalq aləmdə bütünlükdə dövlətimiz və elmimizin imicinin formalaşmasına mühüm təsir edən amillərdəndir.
Rektor Elçin Babayev tədbirdə iştirakına görə Fərid Şəfiyevə təşəkkürünü bildirib və gələcəkdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə BDU arasında əlaqələrin yeni səviyyədə qurulmasını təklif edib.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.
Tarix fakültəsinin dekanı Azad Rzayev Fərid Şəfiyevə görüşdə iştirakına görə professor-müəllim və tələbə heyəti adından təşəkkürünü bildirib.
Qeyd edək ki, Fərid Şəfiyev 1994-cü ildə BDU-nun Tarix fakültəsində, 2003-cü ildə Harvard Universitetinin magistratura səviyyəsində təhsil alıb. 2009-2015-ci illərdə Karlton Universitetində (Carleton University, Canada) tarix üzrə elmlər doktoru dərəcəsini alıb. 1996-cı ildən xarici siyasət sahəsində çalışıb. Azərbaycanın BMT-dəki nümayəndəliyində işləyib, ölkəmizin Kanada və Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub. 2019-cu ildən isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədridir.