BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub
Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 15-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə təmizliklə bağlı genişmiqyaslı ümumşəhər daxili iməciliyi keçirilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 556 əsas küçə və prospektləri bitki və canlılar üçün ziyansız yuyucu maddələrlə yuyulub. İməcilik zamanı istifadə edilən yuyucu maddələr xarici ölkələrdə də geniş istifadə edilir və heç bir təhlükəsi yoxdur. Eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Eyni zamanda, paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu gün axşam saat 19-dan sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkında açıq hava konsertləri keçiriləcək.