Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib
Moskva, 15 avqust, AZƏRTAC
Azərbaycan Turizm Şurasının RF-də nümayəndəliyi Rusiyanın FUN&SUN tur operatoru ilə birlikdə Moskvada ölkəmizin turizm imkanlarının təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, işgüzar səhər yeməyi formatında keçirilən tədbirdə tur operatoru ilə tərəfdaşlıq edən təxminən 50 aparıcı turizm agentliyinin nümayəndələri iştirak ediblər. Görüşün məqsədi Rusiya turizm icması ilə əməkdaşlığı gücləndirmək və Azərbaycanı Rusiya bazarında cəlbedici ölkə kimi tanıtmaqdır.
İşgüzar proqram çərçivəsində Azərbaycan Turizm Şurasının Rusiyadakı nümayəndəliyinin əməkdaşları “Absheron Hotel Group” və “Sea Breeze” şirkətlərinin tərəfdaşları ilə birlikdə mövcud turizm təkliflərini və əməkdaşlıq imkanlarını təqdim ediblər. İştirakçılar Azərbaycanın turizm potensialını, istirahət imkanlarının müxtəlifliyini və Rusiyanın turizm agentlikləri ilə gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
2025-ci ilin sonuna qədər 600 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Bu ilin iyul ayında ölkəmizə gələn rusiyalı turistlərin sayı ötən ilin müvafiq ayını üstələyərək 73 min nəfəri keçib.
Hazırda AZAL, “Aeroflot”, “S7 Airlines”, “UTair”, “Rossiya Airlines”, “Ural Airlines” və “IrAero” aviaşirkətləri iki ölkə arasında müntəzəm uçuşlar həyata keçirir. Hava nəqliyyatı Azərbaycanın 4 hava limanını 10-dan çox Rusiya aeroportu ilə birləşdirir.