Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH
Bakı, 15 avqust, AZƏRTAC
Naxçıvan Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələr sistemində getdikcə daha mühüm mövqe qazanan ərazilərdən birinə çevrilir. Bunun əsas səbəbi muxtar respublikanın coğrafi mövqeyi ilə yanaşı, nəqliyyat, enerji, sənaye və logistika imkanlarının paralel şəkildə inkişaf etdirilməsidir. Xüsusilə Azərbaycanın böyük Qələbəsindən sonra regionda yeni kommunikasiya imkanlarının formalaşması Naxçıvanın əhəmiyyətini daha da artırır. Naxçıvanın Türkiyə ilə birbaşa əlaqəsi, nəqliyyat bağlantılarının genişləndirilməsi perspektivi və daha geniş mənada Şərq-Qərb marşrutları ilə inteqrasiya imkanları beynəlxalq tərəfdaşların diqqətini bu regiona yönəldir. Prezident İlham Əliyev bu bölgəyə səfəri zamanı da bəyan etdi ki, Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək. Bu bəyanat Naxçıvanın daha geniş regional bağlantıların mühüm halqası kimi nəzərdə tutulduğunu göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bir çox beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının Naxçıvana maraq göstərməsini qeyd etməsi Aİ-nin də bu bölgəyə artan marağını bir daha sübut edir. Bunun isə əsas səbəblərindən biri alternativ nəqliyyat və enerji marşrutlarının əhəmiyyətinin yüksəlməsidir.
“Azərbaycan artıq Avropa ilə enerji sahəsində mühüm tərəfdaşlıq qurub. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycanın qaz ixrac etdiyi dövlətlərdən 10-u Avropa ölkəsidir, onların 8-i isə Aİ-nin üzvüdür. Bu mənada Naxçıvanın əhəmiyyəti yalnız nəqliyyatla məhdudlaşmır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialı da xüsusi diqqət çəkir. Dövlətimizin başçısı da bildirib ki, bu ərazilər yaşıl enerji zonaları elan edilib və Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyasının yaradılması ilə bağlı böyük planlar var. Beləliklə, Naxçıvan gələcəkdə həm nəqliyyat-logistika, həm də yaşıl enerji layihələri baxımından beynəlxalq əməkdaşlığın yeni istiqamətlərindən birinə çevriləcək”, - deyə deputat əlavə edib.
Könül Nurullayeva, həmçinin qeyd edib ki, Naxçıvanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri ölkənin qərb rayonları ilə yeni nəqliyyat bağlantılarının yaradılması perspektividir. Bu baxımdan Orta Dəhliz də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazisindən keçən Trans-Xəzər Şərq-Qərb dəhlizi Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa arasında bağlantı yaradır. Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi mütləq inşa ediləcək” fikri də Azərbaycanın bu istiqamətdə strateji mövqeyini ortaya qoyur.
“Burada əsas məsələ Naxçıvanın regional logistika zəncirinə daha sıx inteqrasiyasıdır. Bu isə yükdaşımaların artmasına, yeni logistika mərkəzlərinin yaranmasına, sahibkarlıq fəallığının yüksəlməsinə və xarici investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yəni Naxçıvana artan beynəlxalq maraq təsadüfi deyil. Avropa üçün yeni enerji mənbələri və marşrutları, Asiya ölkələri üçün Avropa bazarlarına çıxış imkanları, Türkiyə üçün regional bağlantıların genişlənməsi, Azərbaycan üçün isə Naxçıvanın iqtisadi və nəqliyyat potensialının tam reallaşdırılması qarşılıqlı maraqlar yaradır”, - deyə o vurğulayıb.