20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub VİDEO







Vaşinqton, 18 yanvar, AZƏRTAC
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərinin nüfuzlu Tomas Cefferson Hüquq Məktəbində Qara Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirilib.
Tədbiri açan San-Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq Qanlı Yanvar faciəsi haqqında ətraflı danışaraq, bu hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O, SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmalarını ədalətsizlik adlandırıb.
Sonra çıxış edən Tomas Cefferson Hüquq Məktəbinin dekanı Joan Ballok faciənin dəhşətlərindən danışaraq, bu hadisənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində önəmli rol oynadığını vurğulayıb.
Baş konsulluğun əməkdaşı Orxan Rüstəmli çıxış edərək Qara Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırıb. Diplomat ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək burada qətliamı kəskin şəkildə pislədiyini, törədilən bu dəhşətli cinayəti antihumanist, konstitusiyaya və hüquqazidd hərəkət adlandırdığını qeyd edib. O.Rüstəmli Azərbaycanın üzləşdiyi faciələrin Qara Yanvar ilə bitmədiyini qeyd edərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs edib.
Sonra San-Dieqo şəhərində fəaliyyət göstərən amerikalı jurnalist, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi Raul Loueri Kontreras çıxış edərək, 20 Yanvar hadisələrinin həmin dövrdə ölkəmizdə milli-azadlıq hərəkatını boğmaq, Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə kommunist rejimi tərəfindən həyata keçirilən hərbi təcavüz və cinayət olduğunu diqqətə çatdırıb və bunu bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş qanlı terror aktı adlandırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton