Xaçmazın turizm zonasında yerləşən Nabran, Şimal və Günəşli kəndlərinə ilk dəfə təbii qaz verilib VİDEO
Xaçmaz, 3 mart, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən turizm zonasında yerləşən Xaçmaz rayonunun Nabran, Şimal və Günəşli kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, martın 3-də Nabranda kəndə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, ictimaiyyət nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Əkbər Hacıyev bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində “Azəriqaz” İB tərəfindən respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Nabranda turizmın inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə bir sıra infrastruktur layihələri icra olunur. Ümumilikdə, 593 abonenti olan Nabran, Şimal və Günəşli kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 57 min 275 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Xaçmaz rayonun Nabran-Yalama turizm zonasında yerləşən digər kəndlərin qazlaşdırılması layihəsi də uğurla həyata keçirilir.
Hazırda rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay, Qaracik Zeyid, Aşağıoba, Xuray, Çaxçaxlı, Pərdiqıran, Seyidlikəndyeri, Aslanoba, Vələmir kəndlərində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Tezliklə tikintisi başa çatan yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, istirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.
“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev kənddəki evlərdən birində olub, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.