REGİONLAR
Novruz bayramı ərəfəsində Xaçmazın Vələmir və Pərdiqıran kəndlərinə ilk dəfə təbii qaz verilib VİDEO
Xaçmaz, 16 mart, Elxan Yusifli, AZƏRTAC
SOCAR “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və Novruz bayramı ərəfəsində abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 16-da turizm zonasında yerləşən bu yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə Vələmir kəndində keçirilən mərasimdə “Azəriqaz” İB-nin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Ümumilikdə, 180 abonenti olan Vələmir və Pərdiqıran kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 min 338 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
“Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Xaliq Namazov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində “Azəriqaz” İB tərəfindən respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir. Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Nabran-Yalama turizm zonasının inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının daha da yüksəldilməsi məqsədilə ötən ildən 2 minə yaxın abonentin yaşadığı 19 kəndin qazlaşdırılması işləri həyata keçirilir. Artıq Nabran, Şimali, Günəşli, Xanoba, Tel, Yaquboba, Səlimoba, Aşağıoba, Xuray, Vələmir və Pərdiqıran kəndlərinin qazlaşdırılması başa çatdırılaraq abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Hazırda isə rayonun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay, Çaxçaxlı, Seyidlikəndyeri və Aslanoba kəndlərində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Tezliklə tikintisi başa çatan yaşayış məntəqələrində ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qeyd edib ki, istirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq. Nabran-Yalama istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradır, bu səbəbdən soyuq aylarda əksər obyektlərin fəaliyyəti məhdudlaşırdı. İndi bu çətinliklər arxada qalacaq.
Tədbirdə vurğulanıb ki, Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 101-ə, rayon üzrə qazdan istifadə edən abonentlərin sayı isə 34 min 929-a çatdırılıb.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.
“Azəriqaz” İB-nin nümayəndələri kənddəki evlərdə olub, abonentləri qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.