REGİONLAR
Ağdaş rayonu ərazisində Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Ağdaş rayonu ərazisindəki uzunluğu 27 kilometr olan Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, burada yolun hərəkət hissəsi 6 metr, çiyinlər isə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Hazırda yolboyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərin həcmi 75 min kubmetr təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq, növbəti mərhələdə 227 min kvadratmetr sahədə yol əsasının inşası işləri aparılacaq. Layihədə, həmçinin asfaltlanma işlərinə başlanılması və paralel olaraq yol çiyinlərinin bərkidilməsi işləri də nəzərdə tutulub.
Bundan başqa, avtomobil yolu üzərində yerləşən mövcud avtomobil körpülərinin təmiri, körpü üzərində istismara yararsız 102 poqonmetr körpü məhəccərlərinin yeniləri ilə əvəz olunması, həmçinin uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşmüş boruların yeniləri ilə əvəz olunması və zəruri nöqtələrdə yenilərinin quraşdırlması planlaşdırılıb. Bu çərçivədə 620 poqonmetr uzunluğa malik müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılacaq.
Tikinti işlərinin sonuncu mərhələsində isə 259 ədəd yol nişanı və məlumatverici lövhənin, 340 ədəd siqnal dirəyinin quraşdırılması, 79 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.
Yolboyu yaşayan vətəndaşların istər M4 Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna, istərsə də, respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil yoluna, oradan da M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, onların rayon mərkəzi və qonşu rayonlar da daxil respublikanın istənilən istiqamətinə rahat gediş-gəlişi təmin olunacaq.