Yüzlərlə şabranlı Çıraqqalaya yürüş edib VİDEO
Şabran, 10 may, Elxan Yusifli, AZƏRTAC
Şabranlılar ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqalaya yürüş edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdə iştirak edən rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin Şabranın mərkəzində ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Ənənəvi olaraq hər il təşkil olunan yürüşə yüzlərlə şabranlı qatılıb. Onlar qalaya gedən çətin keçilən yolu piyada qət ediblər.
Yürüş iştirakçıları Çıraqqalada təşkil olunan tədbirdə el sənətkarlarının ifasına qulaq asıb, zirvədə bayram tonqalı qalayıblar.
“Çıraqqala” Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olaraq IV-VI əsrlərdə Böyük İpək Yolunun qorunması məqsədilə tikilib. Hündürlüyü 100-120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllədən bir tərəfdən Dərbənd, digər tərəfdən Beşbarmaq səddinəcən dəniz sahili boyu ərazini nəzarətdə saxlamaq mümkün olub. 17 bürcdən ibarət qala əsasən yerli daşlardan və bişmiş kərpicdən inşa edilib. Divarların hündürlüyü 8-10 metr, qalınlığı isə 3-4 metrdir.
Azərbaycanın tarixi irsinin və xalqımızın memarlıq ənənələrinin mühüm nümunələrindən olan "Çıraqqala" tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədilə 2003-cü il iyunun 23-də Prezident Heydər Əliyev tərəfindən xüsusi Sərəncam imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 27 sentyabr tarixli Sərəncamı ilə abidələr kompleksinin ərazisi “Çıraqqala” Tarix-Memarlıq Qoruğu adlandırılıb.