CƏMİYYƏT
Məcburi köçkünlərə dövlət qayğısı artır VİDEO
Bakı, 1 fevral, Xəyalə Məmmədova, AZƏRTAC
Azərbaycanda məcburi köçkünlərə və qaçqınlara xüsusi dövlət qayğısı göstərilir. İndiyədək bu kateqoriyadan olan vətəndaşlar üçün hər cür sosial-texniki infrastrukturu olan 102 yeni qəsəbə salınıb. Üç yüz minədək məcburi köçkünün mənzil şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu sahədə işlər 2019-cu ildə də davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib.
Fuad Hüseynov qeyd edib ki, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 2017- ci ildə 2600, 2018-ci ildə 5800 məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin olunduğunu xatırladan komitə sədrinin müavini bu il daha 5000 məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsinin nəzərdə tutulduğunu vurğulayıb. O əlavə edib ki, ötən il həm də bu sahədə dövlət tərəfindən görülən işlərlə yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü və ilk dəfə olaraq, özəl sektorun vəsaiti hesabına Bakı şəhərinin Qaradağ rayonu ərazisində 1026 mənzilli “Qobu Park” yaşayış kompleksi inşa olunub və istifadəyə verilib.
Rayonun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilmiş 300 mənzildən ibarət beşmərtəbəli daha 4 bina isə bu günlərdə öz sakinlərini qəbul etməyə başlayıb. Fevral ayından etibarən Abşeron rayonunda və Sumqayıt şəhərində istifadəyə verilmiş yeni yaşayış komplekslərinə məcburi köçkün ailələrinin köçürülməsinə başlanacaq.
Bu il Bakı şəhəri ərazisində Kürdəxanı qəsəbəsində, Pirallahı rayonunda yeni yaşayış komplekslərinin, Qaradağ rayonunun “Qobu Park-2” qəsəbəsinin istifadəyə verilməsi, habelə Beyləqan, Kürdəmir, Ucar, Göyçay, Göygöl, Ağcabədi rayonlarında yeni qəsəbələrin salınması nəzərdə tutulub. Həmin qəsəbələrdə texnoparkların və biznes mərkəzlərinin, məcburi köçkünlərin məşğulluğunu təmin edəcək müəssisələrin yaradılması planlaşdırılır.
Fuad Hüseynov qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin ildən-ilə geniş vüsət aldığını vurğulayaraq deyib: “Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır və çox həssas məsələdir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva da bu məsələyə xüsusi diqqət yetirir. Mehriban xanımın Birinci vitse-prezident təyin olunandan sonra ilk iclasını məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qəzalı vəziyyətdəki binalarda yaşayanların yeni mənzillərə köçürülməsi məsələsinə həsr etməsi bunun əsas göstəricisidir”.
Komitə sədrinin müavini məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, onlara vahid aylıq müavinətlərin təyinində qanunvericilik normalarının, yeni mənzillərin verilməsində ədalətin və şəffaflığın təmin olunması ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqların məsuliyyətlə icra edildiyini, komitədə zəruri kadr və struktur islahatlarının aparıldığını, mənfi halların qarşısının qətiyyətlə alındığını diqqətə çatdırıb.
Azərbaycanda məcburi köçkünlərlə iş sahəsində görülən işlərə dünyadakı maraq və rəğbətdən danışarkən F.Hüseynov qeyd edib ki, beynəlxalq təşkilatlar bizi münaqişələrdən əziyyət çəkən digər ölkələr üçün nümunə göstərirlər. Beynəlxalq təşkilat və müxtəlif dövlət qurumlarının təklifləri nəzərə alınmaqla ölkəmizdə "Böyük Qayıdış" proqramı hazırlanıb. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri, qurulan infrastruktur, oraya köçürülən yerli sakinlər üçün yaradılan şərait bu proqramın tərkib hissəsidir.
F.Hüseynov ölkədə qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək bildirib ki, 1998-ci ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. 2001-ci ildən başlayaraq neft ixracından əldə edilən ilk bonuslar bu kateqoriyadan olan insanların həyat və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. 2003-cü ildən proses daha da sürətlənib. 2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr qəbul olunub. 2001-ci ildən indiyədək qaçqın və məcburi köçkünlər arasında işsizliyin səviyyəsi 75 faizdən 12 faizə enib. İndiyədək bu kateqoriyadan olan şəxslərin sosial problemlərinin həllinə 7,1 milyard manat vəsait sərf edilib.