CƏMİYYƏT
Binəqədi rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
Binəqədi rayonunun 8-ci mikrorayon, Azadlıq prospekti 174 ünvanında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda yerləşən “Pink-House” restoranının sahibi Pərviz Hüseynov və obyektin inzibatçısı Seyran Əsgərzadənin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı P.Hüseynov, S.Əsgərzadə və orada olan səkkiz müştəri saxlanılaraq rayon polis idarəsinin 5-ci polis bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və inzibatçı rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 200 və 100 manat məbləğində cərimə edilib. Müştərilər barədə polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların da hər biri 100 manat cərimə olunublar.